10 yanvar 2011 00:06
`Neftçi`nin makedoniyalı futbolçuları problemlə üzləşdi
`Neftçi`nin Türkiyənin Antalya şəhərində planlaşdırdığı ilk təlim-məşq toplanışı bu gündən etibarən start götürəcək. Azerisport.az xəbər verir ki, paytaxt komandası artıq bu gün səhər saatlarında, bir qədər də dəqiqləşdirsək saat 05:25-də Bakı-İstanbul-Antalya təyyarə reysi ilə yola düşüb.
Maraq üçün qeyd edək ki, qardaş ölkəyə `Xəzər Lənkəran`la eyni təyyarədə yollanan paytaxt klubu `Titanik` otelində məskunlaşacaq. Komandanın ilk hazırlıq prosesi yanvarın 10-dan 20-dək davam edəcək.
Artıq legioner futbolçular da komandanın düşərgəsinə qoşulublar. Yalnız `Neftçi`nin makedoniyalı futbolçuları – İqor Mitreski və Slavko Georgiyevski Avropada pis hava şəraiti səbəbindən avtomobil vasitəsilə Bolqarıstana, oradan isə Sofiya-İstanbul-Antalya təyyarə reysi ilə Türkiyədə “ağ-qaralar”ın düşərgəsinə qoşulacaqlar.
Zədəlilərdən həm özbəkistanlı forvard Bahodir Nasimov, həm də litvalı qapıçı Paulius Qribauskas hazırda vətənlərində müalicə olunurlar. Nasimov yanvarın 22-də - komandanın ikinci təlim-məşq toplanışında iştirak edəcək. Komandanın digər üzvləri ilə yanaşı, Ruslan Əmircanov da `Neftçi`nin Antalyada olacaq ilk təlim-məşq toplanışına yollanacaq. Halbuki, bu futbolçu daha bir neçə oyundaşıyla birgə transferə çıxarılmışdı.
Qeyd edək ki, flaqman yanvarın 19-da Rusiyanın `Rubin` klubuyla yoldaşlıq oyunu keçirəcək. `Neftçi`nin ikinci təlim-məşq toplanışı da Antalyada baş tutacaq. Komanda yanvarın 24-dən fevralın 4-dək `Mardan` İdman Kompleksində yerləşəcək.
