11 yanvar 2011 01:12
“Onun yerində olsaydım, Azərbaycan çempionatında çıxış etməzdim”
`Xəzər Lənkəran`ın yarımmüdafiəçisi Alim Qurbanov azerisport.az və “Zerkalo”ya müsahibə verib.
- Nə üçün siz ilin əvvəlində deyil, ilin sonunda yaxşı oynamağa başladınız?
- Bilirsiniz ki, Ağasəlim Mircavadov mənə meydana çıxmağa şans vermirdi. Mirça Rednik isə mənə etimad göstərdi. Buna görə ona minnətdaram. Oyunçu çox oynayırsa, təcrübə əldə edir. Ehtiyatda oturmaqla oyun səhvlərini kənarlaşdırmaq olmaz. Axı ehtiyatda oturmaqla yox, oynamaqla öyrənirsən. Heç kim ehtiyatda oturaraq futbolçu olmur. Mən də öz oyunumla hələ futbol oynaya bildiyimi göstərirəm.
- Bir neçə yerli oyunçu komandan tərk edib. Kollektivdə legionerlər çox deyil ki?
- Düşünürəm ki, `Xəzər Lənkəran` azərbaycanlı oyunçular da əldə edəcək. Xaricilərin üstünlüyünə baxmayaraq, bizim uşaqlar da səviyyəsini göstərir. Bizim Kamran Ağayev kimi əla qapıçımız var. Hansı ki, komandanın yarısıdı. Digər yerlilər də heç nədə legionerlərdən geri qalmır.
- `Xəzər Lənkəran` güclənməyə ehtiyac görür?
- Əlbəttə. Müdafiəçi bizə mane olmazdı. Bununla yanaşı mərkəzdə daha çox səhv buraxılır. Rəqiblər mərkəz xəttimizi asanlıqla keçir. Son oyunlarda çox qol buraxmışıq. Bu, müdafiənin zəifliyindən xəbər verir.
- Rednik Xəqani Məmmədovdan imtina edib...
- O, son oyunlarda oynamayıb. Xəqaninin zədəsi vardı. Bundan sonra formaya düşmək çətindi. Mənə elə gəlir ki, o, bu səbəbdən komanda ilə vidalaşdı. Ancaq məşqçinin qərarını şərh etmək istəməzdim. Şübhəsiz, istərdim ki, Xaqani qalsın, ancaq futbolçu həyatı belədi. Bu gün burda, sabah başqa klubdadı.
- Çoxları deyirdi ki, Alim Qurbanovun butsilərini mıxdan asmaq vaxtıdı. Siz hamıya bunun əksini sübut etdiniz. Nəyin hesabına siz belə “artırdınız”?
- Məşqlərdə iki dəfə artıq işləyirəm. İstəmirəm ki, yaşım özünü göstərsin. Sevimli klubumun heyətində qol vuranda dünyada ən xoşbəxt kəs oluram. Bilirsiniz ki, Lənkəranda öz komandası üçün hər şeyə hazır ən çılğın azarkeşlər var. Fevralda bizi çox çətin oyunlar gözləyir. Ancaq bütün oyunlarda qələbə qazanmalıyıq. Təəssüf ki, son oyunda `Qarabağ`a məğlub olduq.
- Ev oyunlarında qələbə `Xəzər Lənkəran`a çətin başa gəlir...
- Həmişə qələbə qazanmaq olmaz. O oyunu Rauf Əliyevə uduzduq. O oğlan əla futbol göstərdi, Lənkəranda yüksəkdə idi. Mən onun yerində olsaydım, Azərbaycan çempionatında çıxış etməzdim. Onun artıq xaricə getmək vaxtıdır. İnanıram ki, istəsə, daha güclü çempionatlarda layiqli oynaya bilər.
- Premyer Liqanın ikinci hissəsi “Böyük oyun”la başlayacaq...
- `Neftçi` 1 nömrəli rəqibdi. Buna görə də biz oyuna hazır olacağıq. O vaxta qədər komandanın heyəti güclənəcək. Qoy hamı bizdən əla oyun gözləsin. Lənkəranda layiqli oynadıq, Bakıda uduzmamağa çalışacağıq. Məncə, heç-heçə pis nəticə deyil. Baxmayaraq ki, qələbəyə oynayacağıq.
