11 yanvar 2011 13:27
Vəli Qasımov: İtaliya üzərində qələbəni əsas vaxtda təmin etməliydik
19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Vəli Qasımov Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdən sonra azerisport.az və “Zerkalo”ya verdiyi müsahibədə ilk ciddi sınağı haqda fikirlərini dilə gətirib.
- Turnir necə keçdi?
- Bütövlükdə maraqlı keçdi. Bütün iştirakçılar yaxşı və güclü idi. Təəssüf ki, bizdə hazırlıq üçün çox az vaxt olmuşdu. Mən komandanı yenicə qəbul etdiyimdən bu turnirə hazırlaşdıra bilməmişdim. Ancaq buna baxmayaraq, bizdə daha yaxşı nəticə qazanmaq üçün azacıq nəsə çatışmadı. Əgər yeddinci yeri tutmağımızı nəzərə almasaq, hər şey yaxşı alındı.
- Yeddinci pillə sizi qane etdi?
- Bizim qarşımıza qoyulan vəzifə turniri qazanmaq idi. Bu, bir imtahan idi. Mən uşaqlardan razıyam. Biz öyrənirik, çalışırıq ki, Avropasayağı futbol sərgiləyək.
- Sualımıza cavab ala bilmədik...
- Açıq danışsaq, razı qalmadım. Axı biz daha yaxşısını qazana bilərdik. Digər tərəfdən bizim qrup digəriylə müqayisədə daha güclü idi. Bizə daha çox qol vəziyyətlərindən zəif yararlanmağımız mane oldu.
- Ən pis oyunumuz Çinə 3 cavabsız qolla məğlub olduğumuz qarşılaşma oldu?
- Bu, qrupda sonuncu oyunumuz idi. Bilirdik ki, qələbə qazansaq, qrupda birinci yeri tutacağıq. Ancaq məhz həmin oyunda bizdə heç nə alınmadı. Heç cür qələbəyə layiq oyun sərgiləyə bilmədik. Halbuki, rəqibimizi də yaxşıca analiz edə bilmişdik.
- İtaliya üzərindəki qələbəni təsəlliverici hesab etmək olar?
- İtaliya kimi rəqib üzərində qələbə həmişə xoşdu. Həmin oyunda daha yaxşı oyun sərgiləyə bildik. Ancaq təəssüf ki, buna penaltilər sayəsində nail olduq. Həmin oyunda qələbəni əsas vaxtda təmin etməliydik.
- Unutmayaq ki, italyanlar bir yaş kiçik futbolçularla çıxış edirdi.
- Bunu ciddi amil kimi qəbul etmək lazım deyil. Ən azı ona görə ki, qrup mərhələsində italyanlar Rusiya millisinin 2 cavabsız qolla qalib gəlmişdilər. Halbuki, daha çox qol vurmağa yaxın idilər. Odu ki, zəif rəqibə qarşı mübarizə apardığımızı düşünmürəm.
- Ancaq yetirmələrinizdən heç kim fərdi mükafat qazana bilmədi...
- Biz daha çox komanda futbolu sərgiləyirdik. Buna görə də kimisə ayrıca qeyd etmək bir qədər çətindi.
- Uşaqlarda potensial var?
- Gələcəyə optimist yanaşıram. Potensial var. Uşaqlar ən yaxşısına nail olmaq üçün əllərindən gələni edirlər. Hələlik bizə öz oyunumuzu tapmaq üçün vaxt lazımdı. Fürsətdən istifadə edib, AFFA rəhbərliyinə də yaradılan şəraitə görə təşəkkürümü bildirirəm.
- Yeri gəlmişkən, Rusiya mətbuatı demək olar ki, hər gün sizi diqqət mərkəzində saxlayırdı...
- Məni yad edirdilər. Təkcə jurnalistlər yox. Hər oyundan sonra azarkeşlər də fotoqraf alırdılar. Xüsusilə `Spartak` azarkeşləri. Halbuki, belə marağı gözləmirdim. Hətta sonuncu dəfə avtoqraf verməyimi unutmuşdum. Məncə, İspaniyada olmuşdu.
