11 yanvar 2011 15:24
Cənubi Amerikanın ən yaxşı futbolçu və məşqçisi müəyyənləşdi
Cənubi Amerikada ötən ilin ən yaxşı futbolçusunun kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, 2010-cu il üçün cənubi amerikalıların ən güclüsü Braziliyanın `İnternacional` komandasının argentinalı oyunçusu Andres D'Alessandro seçilib.
Uruqvayın “El Pais” qəzetinin düzənlədiyi, 19 ölkədən 300 qəzetçinin qatıldığı səsvermədə 29 yaşlı D'Alessandro, Argentinanın `Estudiantes` klubunda oynayan Xuan Sebastyan Verondan 10 səs artıq qazanmaqla birinci pilləyə sahib çıxıb.
Qeyd edək ki, D'Alessandro komandasının ötən mövsüm Libertadores Kubokunu qazanmasında böyük rol oynamışdı.
Səsvermədə uruqvaylı Oskar Tabares də ilin ən yaxşı məşqçisi seçilib. Hansı ki, onun çalışdırdığı Uruqvay millisi də dünya çempionatında yarımfinala kimi irəliləyə bilmişdi.
