12 yanvar 2011 17:12
`Neftçi` Amit Quluzadəni `Fener`in düşərgəsinə yola saldı
Türkiyənin `Fenerbahçe` klubunun nümayəndələri `Neftçi`nin və milli komandamızın futbolçusu Amit Quluzadənin transferi ilə bağlı bu gün Antalya şəhərinə gələrək, paytaxt klubunun rəsmiləri ilə görüşüblər. Azerisport.az xəbər verir ki, bu görüş hər iki klub arasında aparılan danışıqlar nəticəsində əvvəlcədən planlaşdırılıb.
Görüşdə `Fenerbahçe` klubunun koordinatorları – Şenol Çorlu və Serdar Akın yarımmüdafiəçi Amit Quluzadənin transferində israrlı olduqlarını vurğulayıblar. `Neftçi` PFK-nın vitse-prezidenti Tahir Süleymanov dünyanın tanınmış komandaları ilə əməkdaşlıq etməyi, gənc futbolçuların xarici ölkə çempionatlarında oynamasını klubun əsas strategiyalarından biri olduğunu bildirib. `Neftçi` klubunda gənc və perspektivli futbolçulara hər zaman şans verildiyini diqqətə çatdırıb.
Bu məsələlərə həmişə önəm verdiklərini söyləyən Türkiyə klubunun nümayəndələri gələcəkdə digər perspektivli futbolçuların da İstanbula dəvət olunması və digər önəmli məsələlərlə bağlı `Neftçi`yə ikitərəfli əməkdaşlıq təklif ediblər. Görüşdə `Neftçi` və `Fenerbahçe` klubları arasında ikitərəfli əməkdaşlıq barədə saziş imzalanması üçün qərar qəbul olunub.
Qeyd edək ki, Amit Quluzadə `Fenerbahçe` klubunun nümayəndələri ilə birlikdə yanvarın 12-də yerli vaxtla saat 18:00-da Antalya-İstanbul təyyarə reysi ilə Türkiyənin ən böyük şəhərinə yollanacaq. Amit Quluzadə `Fener`in düşərgəsində zədəsini müalicə etdikdən sonra məşqlərə qatılacaq. Yaxın günlərdə futbolçunun `Fenerbahçe` klubuna keçidi ilə bağlı rəsmi müqavilə də imzalanacaq.
