12 yanvar 2011 17:18
Quluzadə: `Fener`ın əsas futbolçularından biri olmaq istəyirəm
Türkiyənin `Fenerbahçe` klubuna keçidi gündəmdə olan `Neftçi`nin gənc yarımmüdafiəçisi bu haqda fikirlərini paytaxt təmsilçisinin rəsmi saytına açıqlayıb. Azerisport.az xəbər verir ki, Amit qardaş ölkə klubunun düşərgəsinə səfər öncəsi bunları dilə gətirib:
“Bir müddət öncə mən İstanbul klubunun düşərgəsinə yollanmışdım. Hər iki klubun rəsmiləri arasında keçirilən danışıqlardan sonra onların fikirlərində nə qədər ciddi olduğunu gördüm. Zədəli olduğum üçün hələlik İstanbul klubunun əvəzedici heyəti ilə məşqlərə qoşulacağam. Orada özümü sübut edib, `Fenerbahçe`nın əsas futbolçularından biri olmaq istəyirəm.
Mənim bu günlərə gəlib çatmağımda əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Legioner həyatı yaşamaq mənim ən böyük arzum olub. Təbii ki, nə vaxtsa tanınmış bir klubun şərəfini qoruyacağıma ürəkdən inanırdım. `Fenerbahçe`nin heyətində uğurla çıxış edəcəyim təqdirdə, digər futbolçularımıza da maraq artacaq. Mən bütün bunları çox gözəl dərk edirəm. Türkiyədə Azərbaycan futbolunu layiqincə təmsil edəcəyəm”.
