12 yanvar 2011 00:17
Joze Mourinyo: Messi “Qızıl Top”a layiq deyildi
2010-cu ilin ən yaxşı baş məşqçisi seçilən Joze Mourinyo ilin futbolçusu seçilən Lionel Messinin bu mükafata layiq olmadığını bildirib. Azerisport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis AS qəzetinə açıqlamasında bütün dünyanın müzakirə etdiyi bu məsələylə bağlı münasibətini belə bildirib:
“Lionel Messi, Xavi Ernandes və Andres İnyesta, sanki başqa bir planetin oyunçuları kimidilər. Ancaq məncə, “Qızıl Top”a bu dəfə Messi layiq deyildi. Xavi, Uesli Sneyder ya da Dieqo Militonun bu mükafatı aması daha doğru olardı”.
Qeyd edək ki, FİFA-nın 2010-cu ilin ən yaxşılarının mükafatlandırması mərasimindəki seçimləri İspaniyada böyük etirazlara səbəb olub. Sözügedən ölkənin mətbuatı bu mərasimdən sonra FİFA prezidenti Yozef Blatteri “İspaniya düşməni” adlandırıb. Buna səbəb isə son mundialın qalibi olan həmyerliləri Xavi, İniyesta və baş məşqçi Visente Del Boskenin bu mükafatlardan kənar qalması olub.
İspaniya mətbuatının həmin iddialarında isə heç də az həqiqət yoxdu: “Blatter bir ayda iki dəfə İspaniya futboluna ağır zərbə vurdu. O, ilk olaraq İspaniyanı 2018-ci il mundialına ev sahibliyi etməkdən məhrum etdi. Daha sonra isə Xavi, İniyesta və Del Boskeni mükafatsız qoymaqla futbolumuza növbəti zərbəsini vurdu. Belə görünür ki, FİFA rəhbərliyi dünya çempionluğunu uğur saymır. Belə olmasaydı, “Qızıl Top” mükafatı Messiyə verilməzdi.
Maraq üçün qeyd edək ki, Messi argentinalı olsa da, məhz İspaniya çempionatında - `Barcelona`da çıxış edir.
