13 yanvar 2011 16:04
Braziliya Ronaldinyonun vətənə dönüşünü əsl bayrama çevirdi (FOTO)
Avropa karyerasına nöqtə qoyaraq Braziliyaya geri dönən İtaliyanın `Milan` klubunun sabiq yarımmüdafiəçisi Ronaldinyonun qayıdışı ölkəsində möhtəşəm bayrama səbəb olub. Azerisport.az xəbər verir ki, vətənində `Flamengo` ilə müqavilə bağlayan ulduz futbolçunu 20 min tərəfdar qarşılayıb. Sambaçının imza mərasimi əsl karnavala dönüb.
Dünya şöhrətli futbolçunu sıralarına qatan `Flamengo` klubu bu münasibətlə çox böyük tədbirlər həyata keçirib. Ronaldinyo ilə imza mərasimini əsl şouya çevirən 20 mindən çox azarkeş isə məhz onun formalarını geyməklə sevgilərini nümayiş etdiriblər.
`Flamengo`da əsl qəhramanlar kimi qarşılanan, iki dəfə dünyada ilin futbolçusu mükafatını qazanmış Ronaldinyo, braziliyalılara Zikonun `Roma`dan gəldiyi günləri xatırladıb. 2002-ci ildə Braziliya ilə dünya çempionatını qazanan təcrübəli futbolçu tədbir zamanı çıxışında bunları dilə gətirib: “Mən məhz bu üzdən Braziliyaya qayıtdım. Bu həyəcan, coşqu üçün. Futbolçular çox vaxt karyeralarına nöqtə qoymaq üçün bura gəlirlərsə, mən yenidən doğmaq üçün qayıtdım. Bu sevginizin qarşılığını meydanda verəcəm”.
