13 yanvar 2011 11:49
AZAL özünə yeni məşqçi tapdı
Bakının AZAL futbol klubuna yeni məşqçi təyin olunub. Azerisport.az xəbər verir ki, klub prezidenti Vaqif Qasımov lent.az-a açıqlamasında bildirib ki, bu, Gəray Qarayevdi.
Qarayev komandada fiziki hazırlıq üzrə məşqçi funksiyalarını yerinə yetirəcək. O, yeni vəzifəsinin icrasına fevralın 1-dən başlayacaq: “Gəray müəllim yanvarın 17-dən hakimlərlə birgə Türkiyənin Antalya şəhərinə təlim-məşq toplantısına yollanacaq. Antalyadan qayıtdıqdan sonra AZAL-ın məşqçisi kimi rəsmən işə başlayacaq. Müqavilə müddətini də həmin vaxt müəyyənləşdirəcəyik”.
Gəray Qarayev `Bakı`yna yollanan Novruz Əzimovu əvəzləyəcək. Qasımov bildirib ki, Əzimov paytaxtın eyniadlı komandasından daha sərfəli təklif alıb: “Biz də ona mane olmadıq və yeni komandasında uğurlar arzuladıq”.
AZAL-ın prezidenti komandaya daha bir məşqçi cəlb etmək fikrində olduqlarını da açıqlayıb. Həmin şəxs də yerli mütəxəssis olacaq.
Qeyd edək ki, qış fasiləsinə 3-cü pillədə yollanan AZAL-ın baş məşqçisi Nazim Süleymanovdu.
