14 yanvar 2011 00:56
`Bakı` təlim-məşq toplanışına start verdi
Premyer Liqada yaranan qış fasiləsindən səmərəli faydalanmaq niyyətində olan `Bakı`nın əvəzedici komandası klubun bazasında təlim-məşq toplanışına yığışıb. Azerisport.az xəbər verir ki, əsas məqsədi turnirin mükafatçılar sırasına düşmək olan “zolaqlılar”ın əvəzediciləri bir həftəlik istirahətin ardından hazırlıqlara start verib.
Baş məşqçi Qəhrəman Əliyevin rəhbərliyi altında toplanan komanda `Bakı`nın təlim-məşq bazasında yanvarın 24-nə kimi hazırlıq keçəcək. Təlim-məşq toplanışına bir neçə yeni oyunçu da dəvət olunub. Onlardan kimin komandada qalacağına yaxın günlərdə aydınlıq gətiriləcək. Gün ərzində səhər və axşam olmaqla iki dəfə məşq keçən əvəzedicilər eyni zamanda yoxlama oyunları keçirməyi də planlaşdırır.
Qeyd edək ki, əvəzedici komandaların çempionatında növbəti turun oyunları gələn ayın əvvəlində keçiriləcək. `Bakı` fevralın 11-də `Muğan`ı qəbul edəcək. 19 turdan sonra Əliyevin komandası turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
