15 yanvar 2011 12:16
Volkan Yaman: Rəşada burda hər şey xoşdusa, niyə `Beşiktaş`a getməlidi?
Türkiyənin `Eskişehirspor` klubunun müdafiəçisi Volkan Yaman azerisport.az saytına müsahibəsində komanda yoldaşı olan Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov haqda bildiklərindən danışıb.
- Toplanışlar sizi yormur?
- Əlbəttə, yorucudu. Digər tərəfdən məndə zədə də oldu. Buna baxmayaraq, yaxşı hazırlaşdıq. Ümid edirəm ki, bu, nəticələrimizdə də əksini tapacaq. İlk dövrəni yaxşı pillədə başa vurmuşuq. Bu da yaxşı seriyaya nail olmağımız sayəsində mümkün oldu. İkinci dövrədə də həmin seriyanı davam etdirmək istəyirik.
- Rəşad sizə nə dərəcədə böyük kömək edir?
- O, komandanın bir hissəsidi və digər oyundaşlarımız kimi böyük faydası var. Bütün komanda onu sevir. Öz yerini çox tez tapdı.
- Fikrinizcə, o, `Eskişehirspor`da potensialını aça biləcək?
- Bu planda onun hansısa problemi yoxdu. Əlbəttə, zədə onun xeyli vaxtını aldı. Amma Rəşad əvvəlki formasını çox tez bərpa etdi. İndi o, komandamızın heyətində ən yaxşılardan biridi. Baxmayaraq ki, bütövlükdə bir qədər də artırıb, daha yaxşı oyun sərgiləyə bilər. Rəşad klubumuzun ən şən oğlanlarından biridi. Tez-tez bizi güldürür.
- “Yaxşı” sözünü çox işlədir?
- (Gülür) Tez-tez. Xoş sözdü. Rəşadın aksenti də bizim xoşumuza gəlir. Bütövlükdə komandamızda çox gözəl atmosfer olur.
- Rəşadın gəlişindən sonra komandanın müdafiəsi nə dərəcədə güclənib?
- O qədər ki, biz hazırda turnir cədvəlində özümüzü çox rahat hiss edirik. Çox yaxşı müdafiəçidi, hansı ki, hələ Azərbaycan yığmasından yaxşı tanıyıram. Onun ötən il Türkiyə yığmasının qapısına vurduğu qolu da yaxşı xatırlayırıq.
- Hələ unutmamısız?
- Biz bu haqda az zarafat etmirik. Ancaq elə zarafat olaraq qalır. Biz hamımız gözəl başa düşürük ki, o, öz yığma komandasının şərəfini qoruyurdu.
- Səncə Rəşad Türkiyənin daha güclü klublarında oynamaq şansı var?
- Burda ona nə çatışmır ki? Karyerasını çox gözəl klubda davam etdirir. Şərtlər də burda pis deyil. Azarkeşlər onu sevirlər, hansı ki, bu, az əhəmiyyət daşımır. Düşünürəm ki, Rəşad elə burda da xoşbəxtdi.
- Azərbaycanda isə çoxları onu `Trabzonspor`, `Beşiktaş` kimi klublarda görmək istəyir…
- Mən düşünmürəm ki, həmin klublarla böyük fərqimiz var. Əgər Rəşada burda hər şey xoşdusa, nəyə görə `Trabzonspor`a, `Beşiktaş`a getməlidi ki?
