15 yanvar 2011 00:44
Qazaxlar Məmmədovun qərarını gözləyir
Qazaxıstan mətbuatı bu ölkənin yüksəl liqasında mübarizə aparan `Atırau`nun azərbaycanlı baş məşqçisi Ramiz Məmmədovun köməkçilərinin dəqiqləşdiyini yazıb. Azerisport.az xəbər verir ki, Elxan Abdullayevlə Mehman Baxışovun Məmmədovla birgə çalışacağını təsdiqləyən həmkarlarımızı indi də başqa bir məsələ narahat etməyə başlayıb.
Məsələ burasındadı ki, Abdullayevin özünə azərbaycanlı köməkçilər aparması klubda çalışan digər məşqçilərin taleyini sual altında qoyub. İndi qazaxlar həmyerliləri Kayrat Aymanovla İvan Azovskinin köməkçi-məşqçi kimi qalıb-qalmayacağını müzakirə etməyə başlayıblar. Onlar mümkün variantlardan biri kimi hər iki mütəxəssisin komandanın əvəzedicilərini çalışdırmasını göstərirlər. Digər variant isə Məmmədovun onlardan imtina etməsi ola bilər.
Maraq üçün qeyd edək ki, qazax həmkarlarımız Abdullayevlə Baxışovun əvvəlki karyerasına da toxunublar. 40 yaşlı Elxan Abdullayevin `Bakı`. `Qarabağ` və `İnter`də çalışdığını yazan Qazaxıstan mətbuatı onun bir müddət millinin məşqçilər korpusunda yer aldığını da vurğulayıblar. Həmyerlimizin ötən ilin dekabrında `PRO` kateqoriyasına yiyələndiyi də diqqətdən yayınmayıb. Baxışovun isə Məmmədovla eyni şəhərdən olması vəə `Qəbələ`də birgə çalışması qeyd olunub.
