16 yanvar 2011 00:29
“Neftçi üzərində qələbə üçün əlavə güc sərf etmədik”
“Birlik Kuboku”nda ölkəmizi təmsil edən `İnter`in estoniyalı legioneri Dmitri Kruqlov Qırğızıstan `Neftçi`si ilə oyundan sonra azerisport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- İlk matçda belə problemsiz qələbə gözləyirdinizmi?
- Bizə sadəcə ilk qolu vurana kimi bir az çətin oldu. Qolu vuran kimi, hər şey qaydasına düşdü və işimiz yüngülləşdi. Komandamız normal oynadı. Səhvlərimiz oldu, amma bu, ilk oyunumuz idi. Rəqibimizə gəlincə, heç kim uduzmaq istəmir.
- Çempionatdan sonra yorğunluq hiss olunmurdu?
- Əgər futbolçu özünü formada saxlamağı bacarırsa, deməli belə problemlərlə də üzləşməz. Antalya toplanışı zamanı çox yaxşı hazırlaşdıq, həm də orda daha güclü rəqiblərlə sınaq matçları keçirdik.
- Bu turnir `İnter` üçün nə dərəcədə vacibdi?
- Hər bir komanda bura nəticə qazanmaq üçün gəlir, kiminsə Sankt-Peterburqa başqa fikirlə gəldiyini düşünmürəm. Təbii ki, Rusiya və Ukrayna klubları da əsas heyətlə gəlsəydilər, rəqabət onda daha böyük olardı. Ancaq yerdə qalan klublar da az iddialı deyil.
- `İnter`in maksimum nəticə qazanmağa lazımı qədər gücü varmı?
- Kifayət qədərdi. `Neftçi` üzərində qələbə üçün demək olar ki, heç bir əlavə güc sərf etmədik. Bu, hələ başlanğıcdı. Bizi qarşıda `İstiqlal`la oyun gözləyir. Yenə qələbə üçün oynayacağıq. Rəqib haqda çox informasiyamız yoxdu. Xüsusi hazırlaşmaq üçün də vaxtımız yoxdu. Ancaq qələbə qazanmaq istəyirik.
- “Birlik Kuboku” `İnter`in çempionatdakı çıxışına təsir etməyəcək ki?
- Çempionat ayrı tarixçədi. Əgər biz burdan qalib kimi dönə bilsək, bu, bizə əlavə güc vermiş olacaq. Bu, bizə mane ola bilməz. Əksinə, köməyi olacaq.
