16 yanvar 2011 01:27
Əmrə: Amiti məşqlərimizdə görmək istəyirəm, Kamranla dalaşmağı isə yox
Türkiyə yığmasının və `Fenerbahçe` klubunun yarımmüdafiəçisi Əmrə Belözoğlu azerisport.az saytının əməkdaşına müsahibəsində Bakıya son səfərindən, millimizlə həmin oyun zamanı yaranan münaqişədən və Amit Quluzadənin komandalarına transferindən danışıb.
- Oktyabrda Bakıda aldığınız məğlubiyyət hələ yadınızdan çıxmayıb?
- Onu biz ancaq seçmə mərhələ başa çatanda unuda biləcəyik. Peşəkar futbolda belə də olur. Bizim üçün çox çətin oyun oldu. Almaniya yığmasına məğlubiyyətdən sonra, Bakıdan 3 xalla dönmək istəyirdik. Ancaq Azərbaycan həmin gün bizdən daha yaxşı oynadı. Oyuna daha yaxşı köklənmişdilər. Ola bilsin ki, məhz bu, bir qədər gözlənilməz oldu, ancaq müasir futbolda belə də olur.
- Siz artıq komandamıza qarşı bir neçə dəfə çıxış etmisiz. Dəyişiklik hiss edirsiz?
- Artım göz qabağındadı. Hazırkı komanda nisbətən keyfiyyətli futbolçulardan təşkil olunub. Mən bunu son oyunda hiss etdim. Şəxsən mənim üçün meydanın mərkəzində çox çətin idi. Əminəm ki, həmkarlarım da hamısı eyni sözləri deyərlər. Bu hətta mənim xoşuma da gəldi.
- Nəyə görə ki?
- Mən eşitmişəm ki, sizdə klub futboluna böyük pullar qoyulmaqdadı. Belə vəziyyətdə istər-istəməz artım olmalıdı.
- Azərbaycanlı futbolçulara qarşı aqressivliyiniz hələ də qalır?
- Bu, mənim üçün normaldı (gülür). Uduzanda, mən həmişə elə oluram. Oyunun içində belə şeylər olur. İnanın ki, mənim qəzəbim ancaq və ancaq buna görə olur. Sizin oyunçulara mənim heç bir iradım yoxdu. Birdə ki, axı sizin yığmanıza qarşı mənim nə artıq hərəkətim ola bilər ki?
- Həmin oyundan sonra kapitan Rəşad Sadıqov da bildirmişdi ki, bu, normaldı. Ancaq qapıçımız Kamran Ağayev onunla razılaşmırdı və hətta bildirmişdi ki, sizinlə dalaşmağa hazır imiş...
- Meydanda nə baş verirsə, orda da qalır. Mənim üçün orda olanlar arxada qalıb. Ağayevlə də dalaşmaq istəməzdim.
- Yəqin ki, məğlubiyyətin əvəzini doğma meydanda çıxmağa hazırlaşırsız...
- Turnir vəziyyətimiz bizi bütün oyunlarımızda qələbə qazanmağa vadar edir. Revanş almağa gəlincə, biz onu Almaniyadan da götürməyi istəyirik.
- Siz `Neftçi`nin `Fenerbahçe`yə keçən oyunçusu Amit Quluzadə haqda eşitmisiz?
- Onun haqda eşitmişəm. Yaxşı futbolçu olduğunu deyirlər. Allah eləsin ki, komandamız üçün uğurlu olsun. Bizim buna inamlarımız açıqdı.
- Onun hazırda 18 yaşı var. Əsas komandaya düşə biləcəkmi?
- Fikrimcə, artıq vaxtdı. Əgər böyük talanta sahib olduğunu göstərə bilsə, tezliklə onu əsas komandanın da məşqlərində görə bilərik. Ümid edirəm ki, yaxın müddətdə elə də olacaq.
