16 yanvar 2011 17:56
`Qarabağ`ın 5 oyunçusu tam gücüylə məşq edə bilmir
`Qarabağ` Antalyadakı təlim-məşq toplanışı heç də tam heyətlə davam etdirə bilmir. Azerisport.az xəbər verir ki, ilk gündən etibarən Rəşad Kərimov komandadan ayrı məşq edir.
Yarımmüdafiəçi klubun fizioterapevti Oktay Gürsoyun nəzarətində çalışır. Gürsoy Rəşadın son durumunu belə dəyərləndirib: `Muğan`la oyun ərəfəsində Rəşadın sol baldır əzələsində 1,5 sm yırtıq əmələ gəlmişdi. Buna görə də Rəşad o vaxtdan komandadan ayrı düşüb. Son 1 həftədə ancaq qaçmaqla, müəyyən gücləndirici hərəkətlər yerinə yetirməklə məşğul olub. Rəşad 1 həftə sonra komandayla məşqlərə başlayacaq”.
Son məşqdə eyni zamanda Maksim və Rauf da iştirak etməmişdi. Gürsoy onların barəsində isə bunları deyib: “Maksimin sol ayaq əzələsində, Raufun isə qasığında müəyyən problemlər var. Amma hər 2 zədə ciddi deyil. Rauf sabahdan etibarən məşqlərə başlaya bilər. Amma Maksimin bir neçə gün istirahətə ehtiyacı var”.
Avqustda zədələnərək uzun müddət sıradan çıxan Əfran isə bu təlim-məşq toplanışında komandayla çalışmalar başlamışdı. Amma Əfran bəzən komandadan ayrı çalışır: “Artıq, Əfranın tam gücüylə məşq etməsi üçün heç bir problem yoxdu. Düzdü, arada məşqçilər heyəti ona güc düşməməsi üçün yükləmədən qaçırlar. Amma artıq Əfran tam hazırdır”.
Son məşqdə eyni zamanda xəstələnən Namiq Yusifov da iştirak etməyib: “Namiqin hazırda 39 dərəcə qızdırması var. Hazırda yataq vəziyyətindədi. Onun tam sağalması üçün 2 günə ehtiyac var”.
