16 yanvar 2011 11:44
Lənkəranlı futbolçu Moskva `Spartak`ında
Moskvanın `Spartak` klubu Rusiya Premyer Liqasında ötən mövsümün tapıntılarından biri sayılan əslən azərbaycanlı futbolçu Emin Mahmudovu sıralarına qatıb. Azerisport.az xəbər verir ki, hələ uzun müddət idi bu oyunçunu ələ keçirməyə çalışan paytaxt təmsilçisi bu istəyinə məhz Eminin sabiq klubu - `Saturn`un dağılmasından sonra çata bilib.
Dünən klub rəhbərliyi gənc futbolçuyla müqavilə bağlayıb. `Spartak`ın rəsmi saytının yaydığı məlumata görə, 1,75 sm boya və 67 kq çəkiyə malik 18 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə bağlanılıb. Mərkəz yarımmüdafiəçisi artıq sözügedən komandanın Türkiyədə keçirdiyi təlim-məşq toplanışında iştirak edir və yeni mövsümə hazırlaşır.
Moskva `Spartak`ına keçidi barədə danışarkən Mahmudov bunları dilə gətirib: “Uşaqlıqdan `Spartak`a azarkeşlik edirdim. Bu komandanın heyətində mənim sevimli futbolçum İlya Tsımbalar çıxış edirdi. Hələ həmin vaxt özümü yuxuda `Spartak` formasında görmüşdüm. Budur, arzum həyata keçdi. Bu gün həqiqətən də xoşbəxtəm”.
Qeyd edək ki, Lənkəranda anadan olan Emin elə ailəsiylə birgə uşaqlıqdan bəri Rusiyada yaşayır və bu ölkənin vətəndaşlığını daşıyır.
