16 yanvar 2011 00:09
`Bakı`dan gedənlər üçün son tarix: 22 yanvar
Fasilə dövründə bir neçə futbolçuya “qapını göstərən”, əvəzində Rafael Əmirbəyov və Stefan Bateslə güclənən `Bakı` hələ ki, transfer siyasətində fəallıq nümayiş etdirmir. Azerisport.az xəbər verir ki, bütün bunlara əsas səbəb isə şübhəsiz ki, komandanın baş məşqçi postuyla bağlı qeyri-müəyyənliyə hələ də son qoyulmamasıdı.
Baş məşqçi məsələsinin çözülməməsinə rəğmən, artıq paytaxt klubu Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanıb. Komandanı səfərə yeni köməkçi-məşqçi Novruz Əzimov aparıb. 3 həftəyədək davam edəcək hazırlıq prosesində bir müddət öncə transferə çıxarılan Saşa Kaykut da iştirak edəcək. Bosniyalı futbolçu ona bir daha şans verilməsini xahiş edib. Rəhbərlik isə öz növbəsində onun xahişini nəzərə alıb. Toplanış müddətində o, özünü yaxşı tərəfdən göstərməyi bacarsa, komandada qalacaq. Joel Epalle, Dare Nibombe və Səbuhi Həsənov barədə qərar isə dəyişməyib. Onlar özlərinə yeni klub axtarmalı olacaqlar. Lakin yanvarın 22-dək komandadan ayrılacaq digər əcnəbilərin kimliyinə aydınlıq gələcək.
Qeyd edək ki, qardaş ölkədəki hazırlıq prosesində `Bakı` 3 yoxlama matçı keçirəcək. Paytaxt klubunun ilk rəqibi Qazaxıstan təmsilçisi `Şaxtyor` olacaq. Bu görüş yanvarın 22-də baş tutacaq. 4 gün sonra Ukrayna yüksək dəstəsində mübarizə aparan `Metallurq` ilə qarşılaşacaq “zolaqlılar” yanvarın 31-də daha bir yoxlama oyununun keçirilməsini planlaşdırır. Bu dəfə `Bakı`nın rəqibi Bosniya və Hersoqovinanın `Çelik` klubu olacaq.
