16 yanvar 2011 18:51
Məmmədov ilk qələbəsini `Xəzər Lənkəran` üzərində qazandı (YENİLƏNİB)
Bu gün Türkiyədə bizim üçün çox böyük maraq doğuran bir yoldaşlıq görüşü oynanılıb. Azerisport.az xəbər verir ki, qardaş ölkədə təlim-məşq toplanışında olan azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun çalışdırdığı Qazaxıstanın `Atırau` klubu Azərbaycan təmsilçisi `Xəzər Lənkəran`la münasibətlərinə aydınlıq gətirib.
Qarşılaşmada hesabı Məmmədovun yetirmələri açıb. 23-cü dəqiqədə qazaxların nigeriyalı legioneri Zito komandasını hesabda önə keçirib. Lakin 33-cü dəqiqədə Jerom Polenz komandamızı məğlub durumdan çıxaran qola imza atıb. Hansı ki, bu almaniyalı futbolçu hazırda baxışdadı. Lakin fasilədən sonra, bir qədər də dəqiqləşdirsək, 65-ci dəqiqədə Aleynikovun qolu ilə yenidən hesabda önə keçən qazaxlar 2:1 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, bu, `Xəzər Lənkəran`ın Antalya toplanışı çərçivəsindəki ilk, Ramiz Məmmədovun komandasının isə ilk görüşü idi. Hər iki komandaya qələbə vacib idi. Mirça Rednikli `Xəzər Lənkəran` yeni ilə, hazırkı toplanışa uğurlu nəticə ilə başlamaq istəyirdi. Məmmədov isə, uğurlu nəticə qazanmaqla, komandadan uzaqlaşdırdığı erməni futbolçu Tiqran Karabaxtsyan və ona dəstək verən azareşlərlə “söz müharibəsi”ni bağlamaq istəyirdi. Hər halda güclü rəqibi ilə qarşılaşmada qazanılan qələbənin bu baxımdan həmyerlimizin işinə yarayacağına ümid edək. `Xəzər Lənkəran`la oyundakı uğurun Ramiz Məmmədovun Qazaxıstan klubundakı ilk qələbəsi olduğunu da vurğulayaq. Onun debüt matçı Albaniyanın BESA klubuna qarşı olmuşdu ki, həmiin görüşdə də rəqib minimal hesablı qələbəyə sevinmişdi.
Yoldaşlıq oyunu
Xəzər Lənkəran - Atırau - 1:2
