17 yanvar 2011 13:44
Şəhriyar Rəhimov: Ermənilərə qarşı oynamaq həmişə maraqlıdı
Azərbaycan çempionu `İnter`in yarımmüdafiəçisi Şəhriyar Rəhimov azerisport.az saytına müsahibəsində “Birlik Kuboku”nda `İstiqlal`ın qapısına vurduğu qol və digər məqamlarla bağlı fikirlərini dilə gətirib.
- `İnter` ilk iki oyununda bir-birinə oxşar futbol sərgilədi. Szi də belə düşünürsüz?
- İkinci qələbə daha vacib idi, çünki məhz bundan sonra `İnter` 1/4 finala vəsiqə qazandı. Şadam ki, pley-off mərhələsinə vəsiqəni həll edə bildik. İndi qalır yalnız əsas vəzifəni yerinə yetirmək.
- Siz meydana çıxanda hesab artıq 2:0 idi, Kaxaber Sxadadze sizdən nə tələb edirdi?
- O, mənə hansısa xüsusi tapşırıq vermədi. Taktiki cəhətdən elə də ciddi dəyişiklik yox idi. Sadəcə mənə şans verdi ki, digər oyunçular da bir qədər istirahət etsinlər.
- Qol bir qədər gözlənilməz olmadı ki?
- Bəli, düzü, gözləmirdim ki, belə alınar. Ancaq Kruqlovun künc zərbəsindən sonra çox ideal mövqedə olduğum üçün sadəcə topu rəqib qapısına göndərmək lazım idi ki, mən də bunu etdim.
- Sizin çox nadir hallarda heyətə düşməyiniz nə ilə bağlıdı?
- Düşünürəm ki, bu qoldan sonra tez-tez oynaram. Amma belə `İnter`də çox güclü rəqabət var. Heyəti isə baş məşqçi seçir və biz onun seçimlərinə hörmətlə yanaşmağa məcburuq. Ehtiyatda çox oturmaq istəmirəm, çünki təcrübəni məhz meydanda qazanmaq olur.
- Razısız ki, `İstiqlal` ilə `Neftçi`nin səviyyəsi `İnter`dən aşağı idi?
- `İnter` rəqiblərindən 3 dəfə güclü idi. Onlar bizim hücumlarımız qarşısında heç nə edə bilmirdilər. Ancaq bu qələbələr bizi arxayınlaşdıra bilməz. Güclü komandalar hələ qarşıdadı.
- `İskra-Stal` ilə oyun nə dərəcədə vacib əhəmiyyət daşıyır?
- Çox vacib görüşdü. Biz qrupumuzun lideri olmaq istəyirik. Ancaq düşünürəm ki, `İnter` əsas oyunçularına bu görüşdə istirahət verməlidi ki, qarşıdakı çətin görüşlərə problemsiz çıxaq. Moldovanları isə liderlərsiz də yenə bilərik.
- Yeri gəlmişkən, 1/4 finalda özünüzüə kimi rəqib görmək istəyirsiniz?
- Bunun elə də ciddi əhəmiyyəti yoxdu. `Skonto` və `Tobol` hamısından güclüdü. Ancaq bizə kimə qarşı oynamağımız elə də maraqlı deyil. Ancaq təbii ki, `Mika` istisna olmaqla. Ermənilərə qarşı oynamaq həmişə maraqlıdı.
