17 yanvar 2011 14:07
Ermənilər türk futbolçunu milliləşdirmək istəyir (FOTO)
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqibi olan Türkiyə yığmasının Avropada axtardığı yeniyetmə türk futbolçulardan birinə ermənilər də sahib çıxmaq istəyir. Azerisport.az xəbər verir ki, onlar, Hollandiyanın `Ajax` klubunda forma geyən 20 yaşlı Araz Özbilisi milliləşdirmək haqda düşünürlər.
Maraqlıdı ki, ermənilər artıq bu oyunçunu ölkə yığmasının potensial üzvü hesab edirlər. Onlar baş məşqçi Vardan Minasyanın fevralda Kiprdə baş tutacaq təlim-məşq toplanışına Arazın da çağırılacağını iddia edirlər.
Ancaq türklər bu gənclə çoxdan maraqlandığı üçün ermənilərin o qədər də şanslı olmadığını əminliklə demək olar. Çünki “ay-ulduzlular”ın baş məşqçisi Qus Hiddinkin gəlişindən bəri dünyanın dörd bir yanında yaşayan türk futbolçuları axtarıb, milliyə cəlb etmək istəyən türklərin nümayəndələri Araza da belə bir təklif ünvanlayıblar. Hətta ötən ilin sonlarında Hiddinkin əsas köməkçisi Oğuz Çətin onunla görüşmək üçün Hollandiyaya da getmişdi.
Bu günlərdə `Galatasaray`ın yeni stadionunun açılış mərasimində iştirak edən və yoldaşlıq görüşündə iştirak edən `Ajax`ın futbolçusu Türkiyə telekanallarından birinə açıqlamasında bildirdi ki, hələlik yığma seçimini etməyib və bu barədə düşünüb, qərar verəcək.
