17 yanvar 2011 17:29
Məmmədovlu `Atırau`unun planları dəyişdi
Azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun çalışdırdığı Qazaxıstanın `Atırau` klubunun planları dəyişib. Azerisport.az xəbər verir ki, komandanın Türkiyənin Antalya şəhərində təşkil olunan ilk hazırlıq prosesinə yanvarın 29-da yekun vurulacağı gözlənilsə də, bu, bir həftə öncəyə çəkilib.
Yəni Məmmədovun komandası istirahətə yanvarın 22-də çıxacaq. Lakin komanda qısa fasilədən sonra yenidən təlim-məşq toplanışı keçirmək üçün qardaş ölkəyə təşrif buyuracaq.
Bu arada Qazaxıstan mətbuatı həmyerlimizin sınaqdan keçirdiyi futbolçularla bağlı son durumu analiz edib. Onların fikrincə, dünən Antalyada keçirilən Azərbaycan klubu `Xəzər Lənkəran`la görüşdə (2:1) nigeriyalı Zito özünü yaxşı tərəfdən göstərə bilib və komandada qalmaq şansı böyükdü. Hansı ki, təmsilçimizin qapısına ilk qolu da məhz bu futbolçu vurmuşdu.
Həmkarlarımızın bildirdiyinə görə, hazırda komandada əvvəlki legionerlərdən yalnız biri qalıb. Bu, `Atırau`nun bosniyalı müdafiəçisi Qradimir Çrnoqoraçdı. Bütövlükdə isə komandaya 4 legioner futbolçunun götürüləcəyi bildirilir.
Hazırda `Qəbələ`nin sabiq baş məşqçisi xeyli sayda oyunçunu sınaqdan keçirir. Bunların arasında elə Qazaxıstandan olan Travin, Aleynikov, Azovski, Kenjixanov və daha bir neçə legioner var ki, onların taleyinə məhz Məmmədov aydınlıq gətirəcək. Onun yerli oyunçulardan müqavilə bağlamağa razılaşdığı daha bir futbolçu da var ki, bu da Denis Rodionovdu.
