18 yanvar 2011 16:54
`İnter` üçün qəhrəmanlıq anı
“Birlik Kuboku”nun 1/4 final mərhələsinə vəsiqəni hələ ötən tur həll edən son Azərbaycan çempionu `İnter` bu gün sonuncu görüşündə - Moldova `İskra-Stal`ı ilə görüşdə də qələbə qazandı. Azerisport.az xəbər verir ki, Qırğızıstan `Neftçi`si və Tacikistan `İstiqlal`ı üzərində eyni hesablı darmadağına (3:0) imza atan “bankirlər” bu dəfə eyni uğuru təkrarlaya bilməsə də, hər halda bunun müəyyən obyektiv səbəbləri də oldu.
Əvvəla, baş məqşçi Kaxaber Sxadadze ötən oyunda olduğu kimi bu dəfə gənclərə şans vermişdi. Özü də `İstiqlal`la görüşün ikinci hissəsində bu addımı atan çalışdırıcısı bu dəfə artıq start heyətini əvəzedici heyətin üzvlərindən təşkil etmişdi. Liderləri sabahkı pley-off oyununa saxlayan bakılıların bu addımı hər halda müsbət qarşılanmaya bilməzdi.
Digər tərəfdən Moldova təmsilçisi bu oyuna kimi `İnter`lə yanaşı 1/4 finala çıxmağa ən real namizəd idi. Hər halda ən azı məğlubiyyət sayəsində qrupun digər görüşündə heç-heçə qeydə alınmasını arzulamaqla da, buna nail olmaq olardı. Lakin `İnter` elə gənclərlə hələ oyundan öncə saytımıza iddialı açıqlamalar verən rəqib komandanın baş məşqçisi Valeri Çalıyın yetirmələrini lazımı şəkildə susdurmağı bacardılar.
Bir daha qeyd edək ki, bu görüşdə qazanılan qələbəylə yanaşı, Sxadadzenin yenə gənclərə üstünlük verməsi ürəkaçan oldu. Bu mənada Şəhriyar Rəhimovla Rövşən Əmiraslanov ilk dəqiqələrdən sona kimi meydanda oldu. Ötən oyunda sonradan meydana çıxsa da, qol vurmağı bacaran Rəhimov kimi, bu dəfə də Rövşən şansını dəyərləndirdi və komandamıza qələbəni məhz o qazandırdı. Amma matçın gedişində hətta Səlahət Ağayev, Asif Mirili və Elnur Adulov kimi yeniyetmələrə də şans verildi ki, bu da ancaq sevindirə bilər.
Lakin hamımız intizarla komandamıza pley-off mərhələsində normal bir rəqib düşməsini arzuladığmız halda, Ermənistanın `Mika` klubuyla düşməyimiz bir qədər fərqli əhavl-ruhiyyə yaratdı. Məsələ burasındadı ki, çoxları həmin qrupdan (B) bizə daha çox `Tobol` (Qazaxıstan) və `Skonto`dan birinin rəqib olacağını gözləyirdi. Gəl ki, `Skonto`nun `Tobol`u darmadağın etməsi (3:0) və ermənilərin `Bunedkor` (Özbəkistan) üzərindəki 2:1 hesablı qələbəsi məhz `İnter`i düşmən ölkə təmsilçisiylə qarşılaşmaq məcburiyyətində qoydu.
Ancaq çox güman ki, buna görə daha çox ermənilər çəkinməlidi. Hər halda `İnter` rəqiblə müqayisədə daha güclü heyətə malikdi və bütün Azərbaycan üçün prinsipial əhəmiyyətə malik bu qarşılaşmadan qalib ayrılmağa borcludu. Hətta “Birlik Kuboku”nu qazanmasaq da, “bankirlər”in `Mika`ya futbol dərsi keçməsi elə bizim üçün kubokdan da dəyərli olacaq.
Bu mənadada çempionun heyətinin əksər üzvünün legionerlərdən təşkil olunması müəyyən problem yarada bilər. Axı onlar heç də Ermənistan və Azərbaycan arasındakı münaqişəni, problemi tam dərinliyi ilə bilmirlər. Ancaq `Qarabağ` kimi tam milli ruha malik olan komanda olsaydı, daha rahat nəfəs ala bilərdik.
İstənilən halda hamımız sabah saat 15:00-da finala bərabər matçda `İnter`dən uğur gözləyirik. Başqa nəticə qəbul olunmayacaq və onsuz da ölkə futbolunda böyük nüfuza malik olmayan bu komanda bir qədər də nüfuzdan düşəcək. Odu ki, paytaxt klubunun əlinə Azərbaycanın qəhrəmanı olmaq üçün çox gözəl fürsət düşüb. Çalış bu fürsətdən yararlan, `İnter`!
Birlik Kuboku
Qrup mərhələsi (3-cü tur)
18 yanvar
İnter (Azərbaycan) – İskra-Stal (Moldova) - 1:0 (0:0)
Qol: Rövşən Əmiraslanov, 80 (1:0)
Vərəqələr: Qorodetski, 34, Rusu, 87, Abdulov, 90.
Sankt-Peterburq. 1000 tamaşaçı.
İNTER: Lomaya (Ağayev, 46), Kruqlov (Kandelaki, 46), Assioli, Abramidze (Levin, 66), Mjavandze (Daşdəmirov, 46), Rəhimov, Despotovski (Asif Mirili, 70), Əmiraslanov, Yeqorov (Abdulov, 74), Stepanov (Genov, 46), Sxdadze.
İSKRA-STAL: Lifşiç, Qafina (Qrossu, 53), Kasyan, Kostrov (Çeboratov, 62), Novikov, Qorodetski (Pikus, 73), Popoviç (Suçu, 65), Rudak (Onofrey, 82), Kulikeviç (Kirilyuk, 68), Nudnıy, Rusu.
