19 yanvar 2011 00:09
Yığmamızın baş məşqçisi: Çatışmazlıqlarımız var
Minsk şəhərində futzal üzrə Belarus və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyunundan sonra hər iki komandanın baş məşqçisi oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, millimizin baş məşqçisi Joze Alesio Da Silva meydan sahiblərinə 4:6 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“Birinci hissədə yaxşı oynadıq. Lakin xeyli qol epizodu yaratsaq da, bunlardan lazımi səviyyədə istifadə edə bilmədik. Bu da komandanın konsentrasiyasını pozdu. Hesabda geri düşdükdən sonra isə əvvəlki oyunumuzu bərpa edə bilmədik və məğlub olduq. Komandada müəyyən çatışmazlıqlar var və bunların üzərində işləməliyik”.
Belarus yığmasının baş məşqçisi Valeri Dosko isə bunları dilə gətirib: “İlk oyundakı səhvlərimizdən nəticə çıxarmışdıq. Bununla belə, birinci hissədə oyunumuz alınmadı. Bu da hesaba öz təsirini göstərdi. Fasilədən sonra isə gənclərə şans verdik və onlar qarşılarına qoyulan tapşırığı yerinə yetirməyi bacardılar. Bunun nəticəsində əvvəlcə hesabı bərabərləşdirdik, yekunda isə qələbə qazandıq. Azərbaycan millisinə Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıram”.
