19 yanvar 2011 12:24
Mahir Şükürov Polşa və Rumıniya klublarıyla görüşə gedir
Millimizin üzvü Mahir Şükürovun da heyətində yer aldığı Rusiyanın `Anji` klubu yeni mövsümə ilk hazırlıq prosesini yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası yanvarın 8-dən bəri klubun bazasında davam edən bu müddət ərzində əsasən fiziki hazırlıqlarına diqqət yetiriblər.
Bu təlim-məşq toplanışı zamanı futbolçular tibbi müayinələrdən də keçiblər. Qısa istirahətə buraxılan komanda üzvləri artıq sabah Moskvada yenidən bir araya gələcəklər. Burda xüsusi müayinədən keçdikdən sonra, Mahaçqala təmsilçisi yanvarın 21-də Türkiyəyə təlim-məşq toplanışına yollanacaq.
Qeyd edək ki, qardaş ölkədəki hazırlıq prosesində millimizin sabiq baş məşqçisi – Vaqif Sadıqovun da `Anji`dəki fəaliyyətinə start veriləcək. Sadıqovla Şükürovun komandası Antalyada aşağıdakı komandalarla sınaq matçına çıxacaq: 23 yanvar – Poloniya (Polşa), 27 yanvar – Kluj (Rumıniya), 1 fevral – Şortan (Özbəkistan), 3 fevral – Zeta (Çernoqoriya), 5 fevral - Győri (Macarıstan).
