20 yanvar 2011 18:17
Sadıq Sadıqov: İnter Azərbaycan futbol tarixinin daha bir qızıl səhifəsini yazacaq
“Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqov “İnter”in Ermənistanın “Mika” klubu üzərində qazandığı qələbəyə bütün flaqman azarkeşlərinin də sevindiyini bildirərək, “Birlik kuboku”ndakı təmsilçimizə bu qələbə münasibətilə təbrik məktubu göndərib. Azerisport.az xəbər verir ki, klub prezidenti məktubda bunları ifadə edib:
“İnter”in “Birlik kuboku”ndakı uğurlu çıxışınızı “Neftçi” klubu da yaxından izləyir və buna sevinir. Xüsusilə yarışın 1/4 final mərhələsində Ermənistanın “Mika” klubu üzərində qazanılan qələbəni alqışlayırıq. “İnter”in Sankt-Peterburqda qazandığı bu tarixi qələbə hər bir azərbaycanlıya böyük sevinc bəxş edib. Son vaxtlar Azərbaycan futbolunda görülən işlər göz qabağındadır. AFFA rəhbərliyinin yürütdüyü məqsədyönlü fəaliyyət nəticəsində milli komandamız və klublarımız yeni-yeni zəfərlərə doğru irəliləyir. Beynəlxalq arenalardan qələbə sevincli xoş xəbərlərimizin sayı artmaqdadı. “İnter”in də qazandığı son uğurlar buna bariz nümunədi. Sizə belə qələbələri gələcək oyunlarda da davam etdirməyi arzulayırıq. İnanırıq ki, “İnter” klubu “Birlik kuboku”nu qazanaraq, Azərbaycan futbol tarixinin daha bir qızıl səhifəsini yazacaq. Bir daha sizi təbrik edir və gələcək oyunlarda uğurlar arzulayırıq”.
