21 yanvar 2011 15:44
“Ermənilərlə oyunda onun işi az olsa da, bizimlə görüşdə fərqli olacaq”
Rusiya çempionu “Zenit”in gənclərdən ibarət komandasının kapitanı, Stanislav Matyaş “Birlik Kuboku”nun bu gün keçiriləcək “İnter”lə oyunu öncəsi azerisport.az saytının suallarını cavablayıb. Öncə 1/4 finalda Finlandiyanın HİK klubu üzərindəki qələbələrindən danışan rusiyalı futbolçu bunları dilə gətirib:
“Yəqin ki, finləri yenməyimizdə daha çox gənc və ikiqat istəkli olmağımız böyük rol oynadı. Ancaq bütövlükdə finlərin əla heyəti vardı. Onlar bizə qarşı yaxşı oynadılar, bir sıra təhlükəli vəziyyətləri oldu. Ancaq nəticə epizodlardan yox, qoldan asılıdı”.
“İnter”in oyununu izləməyə imkan tapdıqlarını deyən Matyaş komandamız haqda bunları söyləyib: “Komandanız çox xoş təsir bağışladı. Heyətində olduqca yaxşı legionerlər var. Odu ki, bizimlə oyunun favoriti məhz onlar olacaq. Ancaq istənilən halda biz evdə oynayırıq, dəstəyimiz olacaq. Şanslar bərabərdi. Biz komandanızı məyus etməyə çalışacağıq. “Mika”yla oyunda “İnter”in heyətində Karlsons əla təsir bağışladı. Həmçinin qapıçınız da yaxşıdı. Düzdü, ermənilərlə oyunda onun işi elə də çox olmadı, amma bizimlə oyunda elə olmayacaq. Biz onu məyus etmək istəyirik”.
