21 yanvar 2011 18:11
Mirça Rednik: Rəhbərliyə minnətdaram ki, bu yöndə mənə dəstək verir
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik azerisport.az saytına müsahibəsində komandasının Türkiyə toplanışı, transferlər və gələcək planlarla bağlı sualları cavablayıb.
- Nəyəsə görə, komandanızın yoldaşlıq oyunlarındakı nəticələri elə də uğurlu alınmır...
- Bizə hazırlaşmaq üçün hər cür şərait yaradılıb və işimiz də problemlərimizi aradan qaldırmaqdan ibarətdi. Biz hazırkı mərhələdə oyunçuları əsasən yükləməklə məşğuluq və komandamdan razıyam. Xeyli yeni oyunçu gəlib. Qazaxıstan “Atırau”suna və Türkiyə “Kasımpaşa”sına yenilgilərə gəlincə, bu görüşlərdə nəticə mənim üçün önəmli deyildi.
- Hər halda komandanın ardıcıl iki oyunda uduzması da sual doğurmaya bilməz...
- Komandada 11 yeni futbolçu var. İndiki məqamda onlardan qələbə tələb etmək çətindi. İstənilən halda, biz bura qələbə qazanmaq üçün gəlməmişik. Bizim əsas məqsədimiz mövsümün qalan hissəsinə yaxşı hazırlıq keçməkdən ibarətdi.
- İkinci yerdə gedən komandada dəyişikliklərə nə dərəcədə güclü dəyişikliklərə ehtiyac var idi?
- Mən nisbətən keyfiyyətli komanda yaratmaq istəyirəm. Buna görə də keyfiyyətli oyunçular dəvət edirik. Mən klub rəhbərliyinə minnətdaram ki, bu yöndə məni dəstəkləyirlər.
- Yeni gələnlər gözlənilir?
- Maksimum 3 futbolçu dəvət edə bilərik. Onlardan biri qapıçı olacaq. Bildiyiniz kimi, Rumıniya yığmasının gənc qapıçısı ilə bizimki alınmadı.
- Amma onu siz özünüz dəvət etmişdiniz...
- Mən onu tanıyanda daha yaxşı çıxış edirdi. Ancaq indi o, həmin qolkiper deyil. Bizdə artıq 20 futbolçu var. 3 futbolçu da gələcək və komplektləşmiş heyətlə oyunlarımızın başlamasını gözləməyə başlayacağıq.
- Komandanıza keçidi rəsmiləşən yerli futbolçular – Elnur Abdullayevlə Şəhriyar Xəlilov haqda nə deyərdiz?
- Elnur Azərbaycan futbolunun ən yaxşı yarımmüdafiəçilərindən biridi. Şəhriyar isə hələ gəncdi. Ona hələ öz üzərində çalışmaq lazımdı. Yeni legionerlərə gəlincə, onların hamısını yaxşı tanıyıram. Ən başlıcası isə, onların uyğunlaşmaq üçün kifayət qədər vaxtı olacaq.
- “Neftçi”ylə oyuna 3 həftə qalıb. Qorxmursuz ki, həmin oyuna kimi komanda tam hazır olmaz?
- Biz hər gün, hər hecə yeni ildəki ilk rəsmi oyunumuzu düşünürük. Hansı ki, birinci yer uğrunda mübarizədə bizim əsas rəqibimizdi.
- Yeri gəlmişkən, məşq vaxtı siz də futbolçularla bərabər qaçırsız. Bu yaşda çətin deyil ki?
- Mən peşəkaram və özümə də baxıram. İçmirəm, çəkmirəm, vaxtında yatıb-dururam. Buna görə də oyunçu karyeramı 37 yaşımda bitirdim. 50 yaşımda da gənclər kimi qaçıram. Bu komandaya da fayda gətirir. Mən bununla onlardan daha çox şey gözlədiyimi sübut etmiş oluram.
