23 yanvar 2011 14:18
Bahodir Nasimov qayıtdı, Da Silva gedir
Premyer Liqanın növbəti oyunlarına hazırlığı Bakıda davam etdirən "Neftçi" bu gün növbəti məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, ilk olaraq heyətdə yer alan futbolçulardan Bahodir Nasimov, Flavinyo, Ruslan Qurbanov, həmçinin Antalyadakı hazırlığın ikinci mərhələsinə aparılacaq əvəzedici heyətin üzvləri Kərim Diniyev və Malik Babayev fiziki hazırlıq üzrə məşqçi Mehmet Akın nəzarətində "Konkone” testi veriblər.
Heyətin digər üzvləri, həmçinin braziliyalı müdafiəçi Denis Silva da məşqdə iştirak ediblər. Əvəzində "Gəncə" klubu ilə görüşdə zədələnən braziliyalı müdafiəçi Alessandro Viana da Silvanın müalicəsi hələ də davam edir. Türkiyədə keçirilən hazırlıq prosesinin ilk mərhələsi zamanı klub həkimlərinin nəzarəti altında müalicə olunan futbolçu bundan sonrakı bərpa kursu üçün yanvarın 25-də Braziliyaya yola düşəcək. Alessandro Viana da Silva fevralın 10-20-si aralığında Bakıya dönəcək.
Qeyd edək ki, "Neftçi" təlim-məşq toplanışının ikinci mərhələsini keçmək üçün sabah Türkiyənin Antalya şəhərinə yola düşəcək.
