23 yanvar 2011 15:28
Abbasov üçün Mahirə komanda yoldaşı olmaq şansı
Millimizin üzvü Mahir Şükürovun da çıxış etdiyi Rusiyanın “Anji” klubu artıq yanvarın 21-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verib. Azerisport.az xəbər verir ki, həmin toplanışın ilk günündən etibarən millimizin sabiq baş məşqçisi Vaqif Sadıqov da Mahaçqala klubunda fəaliyyətə başlayıb.
Bu gün isə, artıq baş məşqçi Hacı Hacıyev yetirmələrini Türkiyədə ilk sınaq matçına çıxaracaq. Mahaçqalalıların ilk rəqibi dünən "Qəbələ"ylə qarşılaşmaqdan imtina edən Polşanın "Poloniya" klubu olacaq.
Bu görüşdə Sadıqovun da daxil olduğu məşqçilər korpusu Mahir Şükürovla yanaşı, Rüstəm Abbasov adlı gənc azərbaycanlı futbolçunu da sınaqdan keçirə bilərlər. Qeyd edək ki, hələ bir müddət öncə Hacıyevin Türkiyə toplanışına aparacaqlarını dediyi bu yeniyetmə 21 yaşlılardan ibarət yığmamızın üzvüdü. 1991-ci il avqustun 7-də anadan olan, Tolyattidəki Konoplyov adına futbol akademiyasının yetirməsi olan müdafiəçinin taleyinə dair fevralın 5-nə qədər davam edəcək toplanış çərçivəsində qərar verəcək.
