23 yanvar 2011 20:00
Hafiz Məmmədov İnter klubunu təbrik etdi
"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov "İnter" klubuna "Birlik Kuboku"nu qazanması münasibəti ilə təbrik məktubu ünvanlayıb. Azerisport.az xəbər verir ki, paytaxtın eyniadlı klubunun rəhbəri məktubunda bunları vurğulayıb:
"Azərbaycanının "İnter" klubunun Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ənənəvi "Birlik Kuboku"nun finalında əldə etdiyi qələbə bütün Azərbaycan futbolsevərləri kimi bizi də hədsiz sevindirdi. "İnter" ölkəmiz adına layiqli mübarizə apararaq "Birlik Kuboku"nu qazandı, Azərbaycan bayrağını yüksəltdi və himnimizi səsləndirdi.
Əlbəttə ki, bu böyük uğurun tərkib hissəsi olaraq "İnter" klubunun turnirin 1/4 finalında Ermənistan təmsilçisi "Mika" üzərində əldə etdiyi 4:0 hesablı möhtəşəm qələbə uzun müddət yaddaşlardan silinməyəcək.
Mən bir klub prezidenti və AFFA İcraiyyə Komitəsinin üzvü kimi "İnter" idman klubunu "Birlik Kuboku"nu qazanması münasıbəti ilə təbrik edir, Azərbaycan klubuna gələcək yarışlarda uğurlar arzulayıram".
