24 yanvar 2011 13:27
“Belarus çempionatında İnter Şaxtyor`dan güclü ola bilməzdi”
“Birlik Kuboku”nun final matçında Azərbaycan çempionu “İnter”in rəqibi olan Belarus “Şaxtyor”unun heyətində ən yaxşı seçilən Pavel Sitko azerisport.az saytının suallarını cavabladı.
- Çox ağır oyun oldu. Prinsipcə final oyunu belə də olmalı idi. Düşünürəm ki, hər iki tərəf üçün çətin oldu. Heç bir komanda məğlub olmaq istəmədiyi üçün gərgin və bərabərsəviyyəli bir mübarizə var idi.
- “Şaxtyor”da nə çatışmadı?
- Hardasa soyuqqanlılıq, hardasa bəxt. Penaltilər ümumiyyətlə lotoreyadı və həmişə güclülər qazanır.
- Bu gün də güclü qələbə qazandı?
- Hesab edirəm ki, nəticə oyuna görə oldu. “İnter” bu gün daha çox hücum edirdi, daha yaxşı təsir bağışlayırdı və layiqli də qələbə qazandı.
- Matç bu gün bir qədər kobud alındı, kiçik zədələr çox oldu...
- Axı bu final oyunu idi və heç kim güzəştə getmək istəmirdi. Belə oyunlar üçün bu çox normal haldı.
- “İnter”in heyətində kimi xüsusi qeyd edərdiz?
- Bütün komanda seçilirdi. Futbolu komanda oynayır, bir nəfər yox. “İnter” bu gün sürətli və maraqlı oyun sərgilədi.
- Oyuna kimi rəqibinizi analiz edə bilmişdiniz?
- Canlı olaraq cəmi bir dəfə görmüşdük, qrup oyunlarında. Artıq heç kimə qarşı oynadıqları yadımda qalmayıb.
- Sizin fikrinizcə, belə oyunlarda əlavə vaxt daha sərfəlidi, yoxsa, təkrar oyun?
- Ən yaxşısı elə əlavə vaxtdı. Əlavə bir oyunun keçirilməsi belə qısa müddət ərzində bizim üçün o qədər də münasib deyil.
- Ümumiyyətlə, “Birlik Kuboku”nu lazımlı hesab edirsizmi?
- Bəli, lazımdı. Bu, həm də çempionata daha yaxşı hazırlaşmaq baxımından əla turnirdi. Komandalar öz güclərini yoxlamaq üçün gözəl fürsət qazanırlar.
- Bu gün Belarus və Azərbaycan çempionatının komandaları qarşılaşdı. Sizin fikrinizcə, bu çempionatlar digər postsovet məkanı ölkələrinin çempionatlarından güclüdürmü? Təbii ki, Rusiya və Ukrayna çempionatları istisna olmaq şərtilə...
- Bizim çempionat güclüdü və düşünmürəm ki, Rusiya və Ukrayna çempionatından geri qalır. Hətta Ukrayna çempionatının aşağı olduğunu düşünürəm. Azərbaycan çempionatının da səviyyəsi pis deyil. Bunu hər halda komandalarınızın avrokuboklardakı nəticələri isbatlayır. Ancaq tam qiymət verməkdə çətinlik çəkirəm. Çünki çempionatınızı elə də yaxından izləməmişəm. Buna baxmayaraq, istənilən halda Belarus çempionatından geridə qaldığını düşünürəm.
- “İnter” Belarus çempionatında neçənci yeri tuta bilərdi?
- “Şaxtyor”dan güclü ola bilməzdi.
