24 yanvar 2011 16:52
Neftçi yenidən Antalyada (FOTOLAR)
Premyer Liqaya ciddi hazırlaşan "Neftçi" PFK təlim-məşq toplanışının ikinci mərhələsini keçmək üçün bu gün Türkiyənin Antalya şəhərinə yollanıb. Azerisport.az xəbər verir ki, Bakı-İstanbul-Antalya reysi ilə səfərə çıxan flaqman günorta saatlarında mənzil başına yetişib.
Komanda üzvləri "Mardan" İdman Kompleksində məskunlaşıblar. "Ağ-qaralar"ın əsas üzvlərindən yalnız Alessandro Viana da Silva hazırlıqda iştirak etməyəcək. O, zədəsini müalicə etdirmək məqsədilə Braziliyaya yollanır.
Komandanın makedoniyalı futbolçuları – İqor Mitreski və Slavço Georgiveski isə artıq Antalyada - flaqmanın düşərgəsindədi. Həmçinin, əvəzedici heyətdən Malik Babayev, Eltun Yaqublu və Kərim Diniyev də Antalyaya aparılıb.
"Neftçi" ikinci təlim-məşq toplanışı çərçivəsində ilk məşqinə bu gün Bakı vaxtı ilə saat 19:00-da çıxacaq. Bir faktı da qeyd edək ki, Antalyada "Mardan" İdman Kompleksinə məxsus 3 min azarkeş tutumu olan stadion da "Neftçi"nin ixtiyarına verilib. Bu meydançada yalnız "Neftçi"nin futbolçuları məşq edecək və nəzərdə tutulan yoxlama görüşlərindən bir neçəsi bu arenada baş tutacaq. Xatırladaq ki, fevralın 4-dək davam edəcək hazırlıq prosesində 4 yoxlama matçının keçirilməsi nəzərdə tutulub.
