24 yanvar 2011 18:39
Elvin Beqiri: Bu, ola da bilər, olmaya da
“Xəzər Lənkəran”ın müdafiəçisi Elvin Beqiri azerisport.az saytına müsahibəsində Antalyadakı hazırlıq prosesi, çempionat barədə fikirlərini açıqlayıb.
- Təlim-məşq toplanışı haqda nə deyə bilərsiz?
- Hələlik hər şey öz qaydasıyla gedir. Məşqlərimiz ağırdı. Çoxlu qaçırıq. Ümid edirəm ki, bütün bu çalışmalarımız zamanı gəldikcə, işimizə yarayacaq.
- Hətta iki yoldaşlıq matçındakı məğlubiyyətdən sonra da?
- Bizdə çoxlu yeni oyunçu var. Odu ki, daha irəlini düşünürük. O məğlubiyyətlərə baxmayaraq, bundan sonra nəticələrimizin düzələcəyinə inanıram. Biz də hazırlıq prosesindəki bütün oyunları uduzmaq istəmirik.
- Ancaq hər halda Türkiyə Superliqasının autsayderi “Kasımpaşa”ya 1:4 hesablı yenilgi heç də ürəkaçan deyil...
- Türkiyə çempionatı Azərbaycan Premyer Liqasından güclüdü. Həm də biz, hələ ikinci dövrəyə hazırlaşmaqla məşğuluq, onlarınsa hazırlığı yüksək səviyyədə idi. Buna görə də, bizə onlara qarşı oynamaq çətin idi.
- Hər halda siz də təcrübəli futbolçusuz, necə düşünürsüz, ikinci yerdə gedən bir komandanın heyətində bu qədər ciddi dəyişikliklər etməsinə nə gərək vardı?
- Biz qışa qədərki mərhələni çox yaxşı keçirdik. Mən də təəssüf edirəm ki, bəzi oyunçular komandadan getdi. Ancaq hər halda məşqçilər korpusu hər şeyi məndən də yaxşı bilir.
- Bəs bu heyətlə nəticə qazanacağınıza inanırsızmı?
- Mən də sadəcə bir oyunçuyam və indidən nəsə deyə bilmərəm. Bu, ola da bilər, olmaya da. Bu, futboldu, hazırda hər şey mümkündü.
- Yenilərin səviyyəsindən razısınız?
- Onlara vaxt lazımdı. Hələ bu haqda danışmaq tezdi. Görünür ki, səviyyələri elə də pis deyil. Onlara komandaya dərhal uyğunlaşmaq lazımdı. Axı fevralda artıq oyunlarımız başlayır. Bizə altılığa qədərki bütün oyunlarımızda qələbə qazanmaq lazımdı.
- Yeri gəlmişkən, sizin əsas rəqibiniz “Neftçi” indi yaxşı vəziyyətdədi. Bu, sizi narahat etmir?
- Onlar öz işindədi, biz öz işimizdə. Məni daha çox öz durumumuz narahat edir, hansı ki, yaxşılaşdırmaq istəyirik.
- Rəqibiniz 4 günlük istirahət verdi, indi isə yenidən hazırlığa başlayır. Sizi 20 günlük məşqlər yormayıb.?
- Bizim məşqçimizin öz sistemi var. Deməzdim ki, bu sistem “Neftçi”ninkindən pisdi.
