24 yanvar 2011 00:02
Mahir Şükürovun komandası yağışa düşdü
Xəbər verdiyimiz kimi, artıq millimizin kapitanı Mahir Şükürovun şərəfini qoruduğu Rusiyanın “Anji” klubu da Türkiyədəki təlim-məşq toplanışına start verib. Azerisport.az xəbər verir ki, artıq millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqovun da köməkçi məşqçi kimi işə başladığı Mahaçqala klubu ilk sınaq matçına da çıxıb.
Lakin dünən qardaş ölkədə qeydə alınan güclü yağış “Anji”nin Polşa “Poloniya”sıyla görüşünə də təsirsiz ötüşməyib. Qolsuz tamamlanan ilk yarıdan sonra polşalıların təklifi ilə sınaq matçının yarımçıq dayandırılmasına qərar verilib.
“Anji”də Mahirin də yer aldığı start heyəti belə olub: Revişvili, AnqbvaŞ Tahirbekov, Hacibekov, Ağalarov, Şükürov, İvanov, Kebe, Muhammad, Hacıyev (Bakaev), Qolenda.
Qeyd edək ki, bu heyətdə baş məşqçi Hacı Hacıyev bir neçə yeni futbolçuya şans verib ki, bunlar da müdafiəçi Anqbva, Dağıstan futbol məktəbinin yetirməsi olan gənc yarımmüdafiəçi Mahaç Hacıyev və daha bir yeniyetmə oyunçu Şərif Muhammada şans verib. Lakin Mahaçqala klubunun baxışa dəvət olunan Azərbaycanın gənclərdən ibarət millisinin üzvlərindən Rüstəm Abbasov forma geymək şansı qazanmayıb.
“Anji”nin növbəti sınaq matçı yanvarın 27-də Rumıniyanın “Kluj” komandasına qarşı olacaq.
