24 yanvar 2011 12:12
Figueirense`nin qapıçısı Xəzər Lənkəran`da (FOTO)
“Xəzər Lənkəran” qapıçı arayışlarını hələ də davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın düşərgəsində hazırda braziliyalı qolkiper baxışdadı.
Dalton Munaretto 1986-cı il təvəllüdlüdü. Yəni yaşına görə uyğun olan bu futbolçunun boyu isə 1.97-di. İkili vətəndaşlığı olan Munaretto həm Braziliya, həm də İtaliya pasportunu daşıyır.
Karyerası ərzində əsasən Braziliya klublarında top qovub. “Figueirense” futbol klubunun yetirməsi olan qapıçı elə karyerasının əsas hissəsini də bu klubun müxtəlif yaş qrupları üzrə komandalarında keçirib. Amma icarə əsasında “Mirassol”, “Rio Claro”, hətta İtaliyanın “Torino” klublarında da çərçivə qoruyucusu olub. 2006 və 2008-ci illərdə “Figueirense” ilə Braziliya birincisi olub.
Qeyd edək ki, Kamran Ağayevin zədəli olması səbəbindən dünən Ukrayna “Krivbass”ı ilə oyunun ilk yarısında qapını gənc qolkiper Orxan Sadıqlı qoruyubsa, ikinci yarıda məhz düşərgəyə yenu qoşulan Dalton çərçivədə durub. Onun bu günkü “Zarya” ilə görüşdə də sınaqdan keçiriləcəyi və məhz bundan sonra haqqında qərar veriləcəyi gözlənilir.
