25 yanvar 2011 01:05
Girts Karlsons: Yəqin ki, Neftçiylə XL-da nəsə alınmayıb
Son Azərbaycan çempionu “İnter”in və Latviya yığmasının hücumçusu, başa çatan 19-cu “Birlik Kuboku”nun ən yaxşı bombardiri Girts Karlsons azerisport.az və “Zerkalo”nun suallarını cavablayıb.
- Sankt-Peterburq səfəri öncəsi siz qarşınıza “Birlik Kuboku”nun bombardiri olmaq vəzifəsini qoymuşduz?
- Mən daha çox bu turnirdə komandamın qələbəsinə kömək etmək istəyirdim. Bundan başqa qarşıma hansısa məqsəd qoymamışdım. Sadəcə, komanda yoldaşlarım elə idealar ötürmələr edirdilər ki, onların bu əziyyətindən sonra qol vurmaya bilməzdim. Buna görə də onlara minnətdaram.
- Hansı qol digərlərindən daha yaddaqalan oldu?
- Yəqin ki, Ermənistan “Mika”sına vurduğum qol. Topu qapıçının başı üzərində tora göndərdim. Mənə elə gəlir ki, məhz o qoldan sonra ermənilər özlərinə gələ bilmədilər. Çox gözəl alındı.
- İndi təsadüfən sizdə Azərbaycan çempionatının da bombardiri olmaq həvəsiniz yaranmyayıb ki?
- Əlbəttə, belə istəyim var. Ancaq ən əsası komandamızın çempionluğu qazanmasıdı. Kimin daha çox qol vurması isə ikinci dərəcəli bir məsələdi. Əgər sənin komandan çempion olmursa, onda sənin bombardirliyin o qədər də ürəkaçan olmur.
- “Birlik Kuboku”nu qazanan komandalar çempionatda heç vaxt uğurlu çıxış edə bilməyiblər...
- Mənə bu tendensiya haqda heç kim heç nə deməyib. Heç lazım da deyil. Yəqin ki, “Neftçi” və “Xəzər Lənkəran”da nəsə alınmayıb. Biz isə eyni uğursuzluğu yaşamağı düşünmürük.
- Oyunsonrası penalti zərbələrində topa ilk yaxınlaşmağı özünüz istədiniz?
- Artıq heç xatırlamıram (gülür). Sadəcə onu bilirəm ki, vurmaq lazım idi. Zərbə vurdum və alındı. Ümumiyyətlə, penalti seriyalarında ən çətini birinci və beşincidən sonrakılardı.
- Amma orda da Lomaya qəhrəman oldu...
- O çox gözəl oynadı, elə “Şaxtyor”dakı həmkarı da. Onların hər ikisi çox heyranedici oyun sərgilədilər. Ancaq bizim qapıçımız həm də turnir çərçivəsindəki oyunların heç birində qol buraxmamasıyla fərqlənirdi və bu, böyük üstünlük idi.
- “İnter”in heyətində kimi daha yaxşı hesab edirsiz?
- Bütün komanda yaxşı idi, kimisə xüsusi qeyd etmək lazım deyil. Bizim azarkeşlərimizə və bütün Azərbaycan futbol fanatlarına təşəkkürümü bildirirəm. Onlar da çox yüksək səviyyədə dəstəyi ilə bizə kömək oldular.
