25 yanvar 2011 13:18
Qazaxıstan KİV-i: Atırau`nun baş məşqçisi azərbaycanlı futbolçular dəvət edir
Azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun çalışdırdığı Qazaxıstanın “Atırau” klubunun qarşıdakı planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası bu gündən etibarən Türkiyənin Antalya şəhərində ikinci təlim-məşq toplanışına başlayacaq.
Fevralın 8-nə kimi davam edəcək bu hazırlıq prosesində də bir sıra futbolçuların sınaqdan keçiriləcəyi bildirilir. Qazax həmkarlarımızın yazdığına görə, hazırda komandanın düşərgəsində xeyli sayda yeni legioner və yerli futbolçular var: iki braziliyalı, afrikalılar, həmçinin böyük qazax oyunçular qrupu. Hansı ki, aralarında Andrey Travin, Konstantin Aleynikov kimi təcrübəlilər də var.
Lakin Məmmədovun rəhbərlik etdiyi hələlik yenilərdən heç biriylə müqavilə bağlamağa qərar verməyib. Qazaxlar da iddia edir ki, “Atırau”nun baş məşqçisi komandasına azərbaycanlı futbolçular dəvət edəcək: “Lakin hələlik Ramiz Məmmədovun komandasında beləsi yoxdu”.
Maraq üçün qeyd edək ki, ötən həftə Bakıya gələn Məmmədovun özüylə “Atırau”ya azərbaycanlı futbolçu aparması istisna olunmurdu. Lakin bu barədə hələlik yeni bir xəbər yoxdu.
