25 yanvar 2011 00:45
Ramiz Məmmədovun komandası məhkəməyə verilir
Qazaxıstanın “Atırau” klubu məhkəməyə verilə bilər. Azerisport.az xəbər verir ki, buna səbəb komandanın azərbaycanlı məşqçisi Ramiz Məmmədovun bir futbolçunu komandadan uzaqlaşdırmağa qərar verməsidi.
Belə ki, həmyerlimiz komandanın bosniyalı müdafiəçisi Qradimir Çrnoqoraçı sərəncamında görmək istəmədiyini deyib. Qazaxıstan mətbuatına müsahibə verən oyunçu isə bildirib ki, klubla müqaviləsi başa çatmadığından, ona verilməli olan pulunu lazım gəlsə, məhkəmə yolu ilə almağa çalışacaq:
“Mən hazırda Bosniyadayam və klubsuzam. Türkiyədəki toplanışın son günündə Ramiz Məmmədov çağırıb dedi ki, məni öz komandasında görmək istəmir. Ancaq mənim “Atırau” ilə müqaviləm var. Buna görə Qazaxıstan Futbol Federasiyasına da müraciət edib, hər şeyi dəqiqləşdirəcəm və klubu məhkəməyə verəcəm. Müqaviləmdə nəzərdə tutulan pulumu tələb edəcəyəm”.
