25 yanvar 2011 13:46
Nazim Süleymanov: Starkovun düşərgəmizə gəlişində problem görmürəm
Nazim Süleymanovun rəhbərliyi altında cari mövsüm heç də pis təsir bağışlamayan AZAL hələlik Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsindəki sınaq görüşlərində öz sözünü deyə bilməyib. Ukraynanın “Zarya” klubuna 0:2 hesabıyla məğlub olan “təyyarəçilər” Qazaxıstan “Vostok”u ilə də heç-heçəyə razılaşdılar - 1:1.
Nazim Süleymanov isə azerisport.az saytına açıqlamasında komandasının hazırlıq prosesini belə dəyərləndirib: “Əgər köklü klubsansa, burda yüksək peşəkarlıq varsa, o zaman futbolçuları baxışa çağırmağa ehtiyac olmur. Elə dosyesinə baxınca, hər şeyi bilirsən. Ancaq bizim dəvət etdiyimiz futbolçular onlara bir neçə gün ərzində baxıb, qərar verməli oluruq. Aralarındakı ən yaxşılarını seçməyə çalışırıq”.
Paytaxt klubunun çalışdırıcısının fikrincə, komandanın lideri Zohair Benauahi hazırda zədəli olsa da, Premyer Liqanın ikinci hissəsindən etibarən AZAL-a kömək edə biləcək: “Əlbəttə, belə bir oyunçumuzun zədə alması bir qədər problem yaradır O, bizimlə birgə məşqlərdə çalışsaydı, daha yaxşı olardı. Onun artıq məşqlərə başlaması gözlənilir. Əgər bundan sonrakı vaxt ərzində lazımı formanı yığa bilsə, yeni ildəki ilk çempionat oyunumuzda çıxış edə biləcək”.
AZAL-ın baş məşqçisi, komandasının Ukrayna “Zarya”sı ilə qarşılaşmasında onların oyununu izləməyə gələn “Bakı”nın baş məşqçisi Aleksandr Starkovun bu jestində də hansısa problem görmür: “Bizim əksər klublarımız Antalyada hazırlıq keçirlər. Onların bizim oyunumuzu izləməsində heç bir təəccüblü şey yoxdu. Hər bir baş məşqçi rəqib komandalar haqda daha ətraflı məlumat toplamağa çalışır. Biz özümüz də eyni şəkildə digər klubları diqqət mərkəzində saxlayırıq. Odu ki, burda heç bir problem görmürəm”.
