25 yanvar 2011 18:32
Bahodir Nasimov: Bu dəfə mənim XL-a qol vurmaq növbəmdi
Azərbaycan Premyer Liqasının bombardiri, “Neftçi”nin özbəkistanlı hücumçusu Bahodir Nasimov azerisport.az saytına müsahibə verib.
- Bu gün Asiya çempionatının yarımfinal oyununda Özbəkistan Avstraliya ilə qaşrılaşacaq. Proqnozunuz?
- Mən hələ qitə çempionatından öncə də demişdim ki, Özbəkistan bu turnirin qalibi olacaq. Komandamız çox yaxşı hazırlaşmışdı və birinci yeri tuta bilər.
- Hər halda Özbəkistanın yarımfinala çıxması da bir uğurdu...
- Buna qədər komandamızın 1994-cü ildə də qələbəsi də olmuşdu, Asiyanın ən güclüsü olmuşduq. Niyə həmin uğuru bu dəfəki çempionatda təkrarlamayaq?
- Avstraliyanı necə rəqib hesab edirsiz?
- Yaxşı komandadı, amma məğlub etmək olar. Mən komandamızın Qətərlə (2:0) oyununu görmüşəm və hesab edirəm ki, bizim yığma daha güclüdü.
- İndi yığmanın düşərgəsində olmadığınıza görə təəssüflənirsiz?
- Çox. Təəssüf ki, belə zədə aldım və yığmanın Dubay toplanışından kənarda qaldım. Əgər belə uğursuz aqibətlə üzləşməsəydim, indi bu gün Avstraliyaya qarşı oynamaq imkanı qazanmış olardım.
- Komandanız Avstraliyaya qalib gəlsə, finalda kiminlə qarşılaşmağınızı istərdin?
- Mənim fikrimcə, Koreya Yaponiyadan güclüdü. Mən onların da oyununa baxmışam.
- Özbəkistanın bu uğurlarını nə ilə izah edə bilərsiz?
- Bizim komandanın heyəti demək olar ki, artıq formalaşıb və son üç ildə eyni heyətlə mübarizə aparır. Bu sabitlik istər-istəməz nəticə verməlidi.
- Yığmaya nə vaxt dönəcəksiz?
- Dünya çempionatının seçmə oyunlarında. Sonuncu dəfə Mircəlal Qasımovun vaxtında oynamışdım. Həmin oyunu da yaxşı xatırlayıram. Səudiyyə Ərəbistanına 0:1 hesabıyla məğlub olduq. Özü də son dəqiqələrdə buraxılan qol sayəsində.
- Yəqin ki, zədədən sonra “Nefçti”nin məşqlərinə alışmaq da ağırdı?
- Çox ağırdı. Mən həm də ilk hazırlıq prosesini buraxmışdım. Amma əvvəlki formamı bərpa etmək üçün əlimdən gələni edirəm. Ancaq hər şeyin yaxşı olacağına da inanıram.
- Hamı fevralın 13-də keçiriləcək “Xəzər Lənkəran”la ilk oyununuzdan danışır. Həmin görüşdə meydana çıxmaq şansınız var?
- Oyuna qədər hələ bir az vaxt var. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Həmin oyunda qol vurmağı çox istyirəm. Çünki Lənkərandakı oyunda da minimal hesabla məğlub olmuşduq. İndi revans vaxtıdı. Bu oyunu udsaq, əla olacaq.
- Siz çempionatın ən çox qol vuran futbolçusu olduğunuz kimi, Kamran Ağayev də qol buraxmamasıyla fərqlənir...
- Bu dəfə mənim “Xəzər Lənkəran”a qol vurmaq növbəmdi. Revanş almalıyıq.
- Aydındı ki, XL sizin əsas rəqibinizdi. Bəs çempionluq yolunda daha hansı komandaları özünüzə rəqib görürsüz?
- “İnter”, AZAL, “Qarabağ” və “Qəbələ”ni. “İnter”in “Birlik Kuboku”ndakı oyunlarına baxdım və bu komanda mənim çox xoşuma gəldi. Onların bu turnirdəki qələbəsi çempionata da əlavə ajiotaj gətirəcək. Fikrimcə, bu, “Neftçi” və “Xəzər Lənkəran”ın “Birlik Kuboku”nu qazandığı illərdə də belə olub.
- Bəs Özbəkistan “Bunedkor”unun zəif çıxışı haqda nə deyərdiz?
- Komanda yığmaya gedən 5 əsas futbolçusu olmadan turnirə getmişdi. Təbii ki, “Bunedkor”un hətta qrupdan çıxa bilməməsi çox ağır gəldi.
