25 yanvar 2011 12:16
Ramin Musayev: Qoy bu haqda Bakı rəhbərliyi və baş məşqçisi düşünsün
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev azerisport.az və “Zerkalo”ya müsahibə verib. PFL rəhbərinin həmin müsahibədəki ən maraqlı fikirləri ilə sizi də tanış edirik:
“Mənə elə gəlir ki, bu ilki çempionatın ikinci hissəsi daha gərgin keçəcək, nəinki ötən mövsüm. Ona görə ki, əvvəllər ancaq qızıl xallar hesablanırdı, indi isə bütün xallar qiymətli olduğundan daha maraqlı mübarizə izləyə biləcəyik. Münaqişəsiz futbol olmur. Əsas odu ki, bu iş dərinə getməsin. Hər adi oyundan bir neçə saat sonra futbolçular yenidən bir-biriylə dostlaşır. Belə hallara da soyuqqanlı yanaşmaq lazımdı. Əgər matç maraqlı idman mübarizəsi şəraitində keçirsə, orda mütləq intriqa olmalıdı”.
“Bakı”nın ilk altılıqdan kənar qalmaq təhlükəsinə də münasibət bildirən Ramin Musayev bunları söyləyib: “Bizim üçün kimin hansı altılıqda yer alacağının ciddi fərqi yoxdu. Qoy bu haqda “Bakı”nın rəhbərliyi və baş məşqçisi düşünsün. Ancaq digər tərəfdən biz “Bakı”nın ilk altılıqda görmək istərdik. Niyə? Ona görə ki, bu klubun avrokuboklara düşəcəyi halda yaxşı çıxış etmək, yeni lazımı oyunçularla güclənmək imkanı var. Lakin bizim arzularımız bizə qalır”.
Klublarımızın ziyanla işləməsinə də toxunan PFL prezidenti FİFA və UEFA-nın 2012-ci ildən bütün klubların qarşısına müəyyən vəzifələr qoymasına da toxunub: “Yeni qaydalar 2012-ci ildən etibarən qüvvəyə minəcək. Bizdəki vəziyyətə gəlincə, komandalarımız hələ qazanc götürməyə hazır deyil. Bizimkilər ancaq zərərlə işləyir”.
Hakimlərin Türkiyədəki hazırlıq prosesindən də danışan Musayev bunları qeyd edib: “Hakim kimi futbolçular da, məşqçilər də səhv edə bilər. Səhvsiz iş olmur. Meydanda 22 futbolçu çıxış edir və onlar tez-tez səhvlərə yol verirlər. Məgər məşqçilər, futbolçular həmin səhvlərdən sığortalanıb? Eləcə də hakimlər. Şübhəsiz ki, bu gün hakimlər üçün çox gözəl şərait yaradılıb. Siz Antalyada hansısa başqa bir hakim qruppasının bu şəkildə hazırlıq keçməsinin şahidi olmusuz? Yox. Səhvlər olur. Amma bu o demək deyil ki, bu, həmişə olmalıdı. Səhvləri mümkün qədər azaltmalı və qərəzli olmamasına çalışmalıyıq. Çünki özüm də klubda çalışmışam və hər şeyi gözəl bilirəm”.
Ramin Musayev Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun onun adamı olması və bəzi matçların taleyini həll etmək üçün sifarişlə təyinatlar vermələri haqda söhbətlərə də münasibətini bildirib: “Məmmədovla bir yerdə işləyirik. Qeyd etdiyiniz kimi, o, HK-nin rəhbəridi, mən də PFL-in. Bizim AFFA ilə müqaviləmiz var. Hakim təyinatlarında mənim də razılığım az rol oynamır. Bəzi klublar var ki, deyirlər filan hakimi bizim oyunlara təyin etməyin. Belə baxanda, həmin klub rəsmisinin müəyyən əsası var. Biz də öz gücümüzlə mümkün qədər klubların arzularını yerinə yetirməyə çalışırıq. Ortalıqda ciddi narazılıqlar olmasın deyə, mən komandalara kömək etməyə borcluyam. Allaha Şükürlər olsun ki, hələ ki, ciddi problem də yaranmayıb. Danışıqlar olur. Аmma hansısa sifarişdən heç kim heç nə deyə bilməz”.
