26 yanvar 2011 01:17
Arsenal`ın baş məşqçisi: Neftçi ilə oyunda bizə nəticə vacibdi
Ukraynanın "Arsenal" klubunun baş məşqçisi Yuri Bakalov bu gün yoxlama matçında qarşılaşacaqları Bakının "Neftçi" klubu haqda fikirlərini açıqlayıb.
Azerisport.az xəbər verir ki, o, Antalyada rəqib qismində niyə məhz flaqmanla qarşılaşmaq istəklərinin səbəbini belə izah edib: "Neftçi" adı brenddi. Bu komandanı təkcə MDB-də deyil, bütün Avropada yaxşı tanıyırlar. Komandanızın Antalyada təlim-məşq toplanışı keçəcəyini öyrənən kimi, menecerlərimiz dərhal fəaliyyətə başladılar və qarşı tərəfə yoxlama matçı oynamaq təklif etdilər. Minnətdaram ki, "Neftçi" rəhbərliyi təklifimizi müsbət cavabladı".
45 yaşlı ukraynalı məşqçi həm "Neftçi", həm də Azərbaycan futbolu barədə kifayət qədər məlumatlıdı: "Azərbaycan futbolu Ukraynadakından fərqlənir. Sizdə texnikalı, ağıllı oyuna üstünlük verirlər. Belə ölkənin komandası ilə qarşılaşmaq çox maraqlıdı. Hazırkı "Neftçi" barədə xeyli məlumatımız var. Bilirik ki, Azərbaycanda ən çox çempion olan klubdu. İndi turnir cədvəlinin birinci pilləsində qərarlaşıb və növbəti çempionluğa əsas namizəddi. Bundan başqa, Azərbaycan çempionatının səviyyəsinin ildən-ilə inkişaf etdiyini bilirik. Sizdə futbola külli miqdarda sərmayə qoyulur, infrastruktur yaxşılaşıb".
Bakalov "Neftçi"nin rəsmi saytına vurğulayıb ki, sabahkı oyunda nəticə önəm daşıyır: "Komandamızda iki təcrübəli futbolçu var. Bunlardan biri Maksim Şatskix Özbəkistan yığmasının heyətində Asiya Kubokuna qatılıb. Digər təcrübəli futbolçumuz, UEFA Kubokunun qalibi Rolan Qusev isə sabahkı görüşdə forma geyinəcək. Yetirmələrimi iş başında görüb, onların hansı durumda olduqlarını yoxlamaq istəyirəm. "Neftçi" ilə oynayacağımıza görə nəticə bizə vacibdi".
