26 yanvar 2011 20:54
XL da Metallurq`la bacarmadı (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, komandamızın bu dəfəki rəqibi də Ukrayna təmsilçisi – “Metallurq” (Zaporojye) olub.
Matçın birinci hissəsində əsas üstünlük XL-ın tərəfində olub. Rednikin komandası bir neçə təhlükəli vəziyyət yaratsa da, bunlardan yalnız birindən yararlanıb. 16-cı dəqiqədə Elvin Beqirinin cinah asmasından sonra rəqib oyunçulardan biri avtoqola imza atıb. İkinci hissədə də üstün olan lənkəranlılar həmin şanslardan yararlana bilməyiblər. Əvəzində ukraynalılar 86-cı dəqiqədə hesabı bərabərləşdiriblər və matç heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, Zaporojye təmsilçisi bu gün saat 14:00-da digər təmsilçimiz “Bakı” ilə yoldaşlıq matçına çıxmışdı və tərəflər qolsuz bərabərliyə razılaşmışdılar - 0:0. Ukrayna təmsilçisi fərqli heyətlə qarşılaşdığı digər təmsilçimizlə oyunda da eyni uğuru təkrarlamış olub.
“Xəzər Lənkəran” isə Antalyadakı ilk 4 sınaq matçında “Atırau”ya (Qazaxıstan) 1:2, “Kasımpaşa”ya (Türkiyə) 1:4, “Zarya”ya (Ukrayna) 1:3 uduzduğu halda, “Krivbass”a (Ukrayna) da 1:0 hesabıyla qalib gəldiyi vaxt, matçın 75-ci dəqiqəsində güclü yağış səbəbindən oyunun davam etdirilməməsi qərara alınmışdı.
Yoldaşlıq oyunu
26 yanvar
19:00. XƏZƏR LƏNKƏRAN – METALLURQ - 1:1
