27 yanvar 2011 19:20
Toni Adams yeni ildə ilk qələbəsini qazandı (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Toni Adamsın çalışdırdığı bölgə təmsilçisinin öncə Avstriyanın “Sturm Graz” klubuyla münasibətlərinə aydınlıq gətirəcəyi xəbər verilsə də, planlar dəyişib. Belə ki, bölgə təmsilçisi yenə Koreya klublarından biriylə qarşılaşmalı olub.
Oyunda hesab erkən açılıb. Deon Barton 5-ci dəqiqədə vurulan qolla komandamızı hesabda önə keçirib. Matçın 44-cü dəqiqəsində baxışda olan İvan Redan daha bir qol vuraraq, fərqi artırıb. İkinci hissədə isə qapılara qol vurulmayıb və Toni Adamsın yetirmələri yeni ildə ilk qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, “Qəbələ” bu oyuna kimi Cənubi Koreyanın digər təmsilçisi “Yonsel” ilə qarşılaşmış və 1:3 hesablı yenilgiylə üzləşmişdi.
