27 yanvar 2011 13:44
Qarabağ`ın qənimi üçün mövsüm erkən bitdi
Almaniyanın “Borussia” (Dortmund) klubunun yaponiyalı ulduzu Şinji Kaqava mövsümün sonunadək sıradan çıxıb. Azerisport.az xəbər verir ki, Qətərdə keçirilən Asiya çempionatının Cənubi Koreya ilə yarımfinal matçı onun komandası üçün xoş sonluqla başa çatsa da, özü üçün pis nəticələnib.
Belə ki, komandası penaltilərlə adını finala yazdırdığı halda, 21 yaşlı Kaqavanın çox ciddi zədə aldığı aşkarlanıb. Artıq məşqlərə qatılmayan futbolçunun ətraflı müayinəsi isə daha pis xəbərlə nəticələnib. Belə ki, Almaniya çempionatında at oynadan “Borussia”nın əsas silahlarından olan Şinjinin artıq Qətəri tərk etdiyi və böyük ehtimalla mövsümün sonunadək forma geyə bilməyəcəyi iddia olunur.
Qeyd edək ki, Dortmund klubunun Bundesliqada liderliyi ələ almasında böyük pay sahibi olan Kaqawa, bu mövsüm çıxdığı 27 matçda 12 qol vurmağa nail olmuşdu. Onun Avropa Liqasının “Qarabağ”la oyununda da komandasını qrup mərhələsinə daşıyan əsas futbolçu olduğu yəqin ki, yaddaşlardan silinməyib.
