28 yanvar 2011 02:48
Hacı Hacıyev Sadıqovla Ağayevin təyinatını şərh etdi
Dünən Türkiyənin Antalya şəhərində keçirilən Rusiya “Anji”si ilə Rumıniya “Kluj”u arasındakı sınaq matçından sonra Mahaçqala klubunun baş məşqçisi Hacı Hacıyev bir sıra sualları cavablandırıb. Azerisport.az xəbər verir ki, o, müsahibəsində həmyerlilərimiz Vaqif Sadıqovla Emin Ağayevin bu komandaya təyinatlarından da danışıb.
Millimizin üzvü Mahir Şükürovun çıxış etdiyi komandanın çalışdırıcısı niyə məhz Vaqif Sadıqovu özünə köməkçi seçdiyini belə şərh edib: “Ona görə ki, o, yüksək səviyyəli və peşəkar məşqçidi. Sadıqov bilikli və təcrübəli mütəxəssisdi. O, Azərbaycan yığmasının, öz ölkəsinin yüksək liqa klublarının baş məşqçisi olub, SSRİ çempionatının güclülər dəstəsində oynayıb”.
Təcrübəli mütəxəssis Mahaçqala klubunun rəisi təyin olunması gözlənilən digər həmyerlimiz Ağayevlə də bağlı durumu şərh edib: “Bizim Ağayevlə ilkin danışığımız olub. Klubumuz seleksiya şöbəsini gücləndirməyi planlaşdırır. Şöbə əməkdaşlarından biri də Emin olacaq. O, uzun müddət Mahaçqalada oynayıb və Budun Budunovun məsləhəti ilə onu işbirliyinə dəvət etdik”.
