28 yanvar 2011 16:22
İqor Dobrovolski: Siz uğur qazanmaq üçün daha çox pula güvənirsiz
Moldovanın “Daçiya” klubunun baş məşqçisi, həmçinin sözügedən klubun futbol akademiyasının prezidenti olan İqor Dobrovolski azerisport.az saytının suallarını cavablandırıb.
- İşləriniz necə gedir?
- “Daçiya” hazırda Moldova çempionatında birinci yerdə gedir. “Şerif” və “Zimbru” kimi komandaları qabaqlayırıqsa, deməli yaxşıdı. Akademiyada da işlərimiz pis deyil.
- Bizim bildiyimizə görə, bu yaxınlarda sizə Azərbaycan klublarından dəvət olub?
- Dəqiq xatırlamıram. Amma bir ya da iki il öncə “Bakı” mənimlə maraqlanırdı. Ancaq həmin təklif mənim üçün heç də cəlbedici və maraqlı olmadı.
- Maliyyə məsələlərində problem çıxdı?
- Biz heç o mərhələyə gedib çıxmadıq. Təklif mənə ümumiyyətlə maraqlı olmamışdı. Çünki vətənimdə öz layihələrim, gündəlik işlərim vardı. Mənim öz ambisiyalarım var. Niyə bunları atıb getməliyəm ki?
- “Bakı”nın bazasına qərbi avropalı futbolçular da həsəd aparır...
- Bunlar məni aldada bilməzdi. Ona görə ki, öz infrastrukturumuza görə heç “Şerif” və “Zimbru”dan da geri qalmadığımızı düşünürəm. Sizdə orda necə olduğunu bilmirəm, amma bizim super bazamız var. Ümumiyyətlə Moldovada futbol və oynamaq üçün hər cür şərait var.
- Bəs nə əcəb daha güclü çempionatlarda işləmək istəmirsiz?
- Kim dedi ki, Azərbaycan çempionatı bizimkindən güclüdü? Mən bununla razı deyiləm.
- Siz bunu necə izah edə bilərsiz?
- Ondan başlayaq ki, bizim klublar artıq Avropa Liqasının qrup mərhələsində oynayırlar, sizinkilər isə yox. Məgər bu, göstərici deyil?
- Amma maliyyə məsələləri baxımından siz uduzursuz. Baxın, bizdə nə qədər adlı-sanlı, məşhur məşqçilər çalışır...
- Siz nədənsə, həmişə puldan danışmağa üstünlük verirsiz. Siz uğur qazanmaq üçün daha çox pula güvənirsiz. Siz neftlə doğulmusuz, biz isə üzümlə.
- Aleksandr Starkovun “Bakı”ya baş məşqçi təyin olunmasını necə qarşıladınız?
- Normal. Uğurlar arzulayıram ona. Ümumiyyətlə, qeyd etdiyim kimi, Azərbaycanda çoxları elə hesab edir ki, pul hər şeyi həll edir. Biz isə elə düşünmürük. Yəqin ki, bizdə daha çox buna görə alınır. Elə az büdcəylə də çox şeyə nail olmaq olar. Siz həmişə çalışırsız ki, özünüzü zəngin göstərəsiz.
- Bəs siz “kasıblaşmağı” sevirsiz?
- Bu da bizim özünəməxsus taktikamızdı, gördüyünüz kimi, pis işləmir (gülür).
