29 yanvar 2011 14:18
İqor Mitreski: Berti Fotqsun toplanışlarının analoqu heç yerdə yoxdu
“Neftçi”nin və Makedoniya yığmasının müdafiəçisi İqor Mitreski azerisport.az saytının suallarını cavablayıb.
- “Neftçi”dəki hazırkı durum necədi?
- Normaldı, məşq edirik, oyunlar keçiririk. Çempionatın yaxınlaşan oyunlarına hazırlaşırıq. Bilirik ki, bizi çətin mövsüm gözləyir.
- Mövsümün qalan hissəsinə hazırlığınıza mane ola biləcək hansısa faktor var?
- Etiraf edim ki, bəzi futbolçuların yoxluğunda hazırlıqlar çətinləşir. Mən başa düşürəm ki, AFFA və Berti Foqts yığma komanda üçün ən yaxşısını etməyə çalışırlar. Ancaq belədə də klubların maraqları arxa plana keçir. Bir neçə futbolçu yığma komandanın düşərgəsinə gedirsə, təlim-məşq toplanışında necə yaxşı hazırlaşmaq olar? Mən heç yerdə bu qədər müddətə toplanışlar görməmişəm. Ancaq nə etmək olar, məcburuq ki, belə hazırlaşaq.
- Komandanız “SKA-Energiya” ilə 1:1 bərabərə qaldı, Ukrayna “Arsenal”ına 2:1 qalib gəldi, siz isə hər iki oyunda əvəzedilmədən oynadınız...
- İlk oyun çox çətin oldu. Çünki ağır fiziki yükləmələrdən sonra ilk oyunumza çıxırdıq. Ancaq uşaqlar pis oyun sərgiləmədilər, baxmayaraq ki, cəmi bir qol vura bildik. “Arsenal”la da oyun pis alınmadı, maraqlı keçdi. Komandamız ilk hissədə daha fəal idi, fasilədən sonra isə əvəzetmələrə görə temp bir qədər aşağı düşdü. Fikrimcə, bu oyunlar bir daha göstərdi ki, biz düzgün yoldayıq.
- Səhv etmiriksə, sizi Makedoniya yığmasının Kamerunla fevralın 9-da keçiriləcək oyununa dəvət ediblər...
- Bəli, mən “Neftçi”ni fevralın 4-də tərk edəcəyəm və “Xəzər Lənkəran”la oyuna kimi düşərgəyə qayıdacam.
- Maraqlıdı, niyə Kamerun? Axı bu komanda, sizin AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərinizə bənzəmir...
- Mən bilmirəm, amma belə rəqiblə oyun düşübsə, deməli oynamalıyıq. Seçmə oyunlara hazırlaşmalıyıq.
- “Neftçi”nin bir sıra oyunçuları üçün “Xəzər Lənkəran”la oyun xüsusi əhəmiyyət daşıyır, sanki çempionluğun taleyi bu matçda həll olunacaq...
- Bu belə deyil. Adi bir oyundu, hansı ki, biz sadəcə revanş götürmək istəyirik. Bizim üçün vacib olsa da, çempionluğun taleyini həll etmir.
- Sirr deyilsə, XL-ın hazırda xeyli oyunçuyla gücləndiyini izləyirsiz?
- Bu haqda xəbərim var, ancaq ciddi önəm vermirəm. Mənim üçün komandamın oyunu daha vacibdi, XL-ın bizə qarşı hansı heyət çıxaracağı yox. “Neftçi” öz oyununu sərgiləy bilsə, qələbə bizim olacaq.
- İstisna deyil ki, XL-da da makedoniyalı futbolçu çıxış etsin...
- Problem yoxdu. Həmyerlimin gəlişinə sevinəcəm, amma meydanda rəqib olacağıq.
- “Qarabağ”a da həmyerliniz gəlib – Nderim Nedzipi. Xəbəriniz var?
- Yaxşı yarımmüdafiəçidi. Ancaq o həyatda tanışım olsa da, meydanda rəqibimdi. “Muğan”dakı Saşko Pandev kimi. Matçlar olmayanda, biz bir yerə toplaşırıq, amma meydanda hamımız bir-birimizə qarşı rəqibik.
