29 yanvar 2011 00:06
XL-ın sabiq baş məşqçisi millimizə rəqib olur
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Viktor Pasulko yenidən Qazaxıstana qayıda bilər. Azerisport.az xəbər verir ki, hazırda Ramiz Məmmədovun çalışdırdığı “Atırau”nun sükanı arxasından istefa verəndən bəri işsiz olan Pasulko, bu dəfə heç də keçmiş klubunu yox, sözügedən ölkənin milli komandasını çalışdıra bilər.
Bu haqda Qazaxıstan mətbuatı iddia irəli sürüb. Onların iddiasına görə, yaxın günlərdə onun təyinatı rəsmiləşə bilər. Qazax həmkarlarımız Qazaxıstan Futbol Federasiyasının millinin boş qalan baş məşqçi postunun ən azı gələn həftə öz yeni sahibini tapacağını yazıb.
Qeyd edək ki, Pasulko 2005/2006 mövsümündə “Xəzər Lənkəran”ın sükanı arxasında çalışıb. 2008/09 mövsümünü Özbəkistan “Şurtan”ında keçirən moldovalı mütəxəssis ötən mövsüm “Atırau”nun sükanı arxasına keçsə də, qısa müddətdən sonra rəhbərliklə aralarındakı problemlər səbəbindən, istefaya getmişdi.
Qeyd edək ki, Qazaxıstan həm də Azərbaycan yığmasının AÇ-2012-nin seçmə mərhələsi çərçivəsindəki rəqiblərindəndi. Millimiz bu rəqibi ilə ilk oyununu 03.06.2011 tarixdə Qazaxıstanda, cavab görüşünü isə 06.09.2011 tarixində Bakıda keçirəcək.
