29 yanvar 2011 20:27
Turan qalmaqalla qayıdır (YENİLƏNİB)
Bu gün Tovuzun “Turan” klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına yekun vurub. Azerisport.az xəbər verir ki, dünən qardaş ölkədə son məşqinə çıxan Naci Şensoyun komandası bu gün keçirdiyi yoldaşlıq oyunu ilə Antalya hazırlığını bitirib.
Qeyd edək ki, tovuzluların bu gün öncə Gürcüstan “VİT-Corciya”sı ilə qarşılaşacağı gözlənilsə də, rəqib komandanın bu görüşdən imtinası səbəbindən, “Turan” bu gün Cənubi Koreya Superliqasında mübarizə aparan “Gyeongnam”la üz-üzə gəlib. Qeyd edək ki, son birinciliyi altıncı sırada bitirən komanda bu günlərdə Premyer Liqamızın digər təmsilçisi “Qəbələ” ilə də qarşılaşmış və 0:2 hesabıyla məğlub olmuşdu.
Lakin Tovuz klubunun Antalyadakı son yoxlama görüşü qalmaqalla başa çatıb. İlk dəqiqələrdən daha fəal görünən koreyalılar bunun məntiqi nəticəsi kimi 25-ci dəqiqədə hesabı açıblar. Lakin bunda koreyalı hakimlərin hoqqalarının da az rolu olmayıb. Oyunu idarəçiliyi məhz onlara tapşırıldığından, Naci Şensoy onlara narazılığını da bildirib. Bundan sonra vəziyyət bir qədər düzəlsə də…
Hər şeyin qaydasında olduğu bir məqamda rəqib komandanın tribunada əyləşən baş məşqçisi heç bir səbəb olmadan yanındakı zibil qabını təpiklə “Turan”ın məşqçisi Eldəniz Hüseynova tərəf vurub. Oyun başlayandan futbolçularını söyən bu məşqçinin son hərəkətinin ardından hakimlər oyunu davam etdirməkdən imtina ediblər.
Tovuzlu futbolçular oyunu davam etdirmək istəsə də, rəqib komandanın üzvləri də hakimlərə qoşularaq, meydanı tərk ediblər. Beləcə, “Turan”ın son yoxlama görüşü başa çatmamış, yarımçıq dayandırılıb.
Qeyd edək ki, “Turan” yeni ildəki ilk sınaq matçını Almaniyanın aşağı liqa təmsilçilərindən “Pampov”a qarşı keçirmiş və minimal hesabla məğlub olmuşdu. Ardından almanların “Lübek” komandası ilə sülh bağlayan (2:2) tovuzlular son matçlarında da Ukrayna “Obolon”unu 2:1 məğlub etməyi bacarmışdılar.
Bununla da hazırlığını başa vuran komanda bu gecə vətənə qayıdacaq.
